Çində daşqınlar 12 nəfərin ölümünə səbəb olub

Çində daşqınlar 12 nəfərin ölümünə səbəb olub

Çinin mərkəzi Çjenjou şəhərində bir neçə gündür davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar ən azı 12 nəfərin həyatına son qoyub.

Yağışlar Henan vilayətinin paytaxtı boyunca küçələri su ilə doldurub. Sürücülər avtomobilləri ilə bir metrlik sudan keçmək məcburiyyətində qalıb.

Daşqınlar şəhərinmetro sistemini iflic edib. Sərnişinlərin sosial mediada yayımladığı videolarda palçıqlı sudan xilas olmalarını gözlədikləri görünür. Xiaopei adlı bir sərnişin Veibo platformasında paylaşdığı videoda “vaqondakı suyun (onların) sinəsinə qədər çatdığını” bildirir.

Yerli rəsmilər yaxınlıqdakı Luoyanq şəhərindəki Yihetan bəndinin 20 metrlik çata məruz qaldığını və dağılmaq üzrə olduğunu, eləcə də əyalətdəki onlarla su anbarında suyun kritik səviyyəyə çatdığını bildirir.

Rəsmilər 100 min sakini təhlükəsiz yerlərə köçürüb. Təxminən 94 milyon insanın yaşadığı Henan vilayətində son bir həftə ərzində güclü yağışlar ara vermir. Sinoptiklər Çjenjouya üç gün ərzində bir illik yağış normasından daha çox yağıntı düşdüyünü xəbər verir.

Xu Liyi şəhərinin nümayəndəsi, Henan Əyalət Partiya Komitəsinin Daimi Komitəsinin üzvü və Çjenjou Bələdiyyə Partiya Komitəsinin katibi həddindən artıq yağan yağışıların qeyri-adi bir hal olduğunu bildirir.

Bu yay Çində ekstremal hava şəraiti ilə əlaqədar hadisələrin sayı artmaqdadır. Sincan əyalətində baş verən son daşqın yüzlərlə sakinin ölümünə və minlərlə insanın ərazini boşaltmasına səbəb olub.

Ətraf mühit qrupu Greenpeace International-ın rəsmiləri Çinin sürətli urbanizasiyasının iqlim fəlakətlərinin tezliyini artıracağı barədə xəbərdarlıq edir.

 

Mənbə: www.amerikaninsesi.org