Yolunu azmış usta: 2 uşağını atıb qonşu qızına elçi göndərdi, sonra qətlə yetirdi “DEDİM BALAMI ÖLDÜRMƏ, YAZIĞAM...”

Yolunu azmış usta: 2 uşağını atıb qonşu qızına elçi göndərdi, sonra qətlə yetirdi “DEDİM BALAMI ÖLDÜRMƏ, YAZIĞAM...”

Sumqayıt şəhər sakini, ustalıqla başını birtəhər dolandıran və ailəli, 2 uşaq atası olan, yataqxanada daldalanan 32 yaşlı Valeh İsgəndərov yolunu necə azıbsa qonşuluqda yaşayan, özündən 12 yaş kiçik qızla “məhəbbət məcaralarına” başlayıb. Ailəsi bundan xəbər tutanda onu atıb gedib, V.İsgəndərov qonşusuna elçi göndərib və onunla nişanlanıb. Amma cəmi iki həftə sonra gənc qız onun davranışlarından, xarakterindən qorxuya düşərək bu adama ərə getmək fikrindən daşınıb və üzüyü geri qaytarıb. V.İsgəndərov isə onu və anasını təqib etməyə başlayıb, nəhayət hər ikisini bıçaqlayıb, gənc qızı xüsusi amansızlıqla öldürüb, anasını yaralayıb.

virtualaz.org xəbər verir ki, maniakal xarakterli bu qatilin cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə yekunlaşıb.

Əhvalat necə və nə vaxt baş verib...

Cinayət işinin materiallarına əsasən V.İsgəndərovun yataqxanada onunla qonşuluqda yaşayan, özündən 12 yaş kiçik Mehribanla nişanlanması, lakin bu izdivacın uzun sürməməsi, cəmisi 10-15 gündən sonra qızın onunla ailə qurmaqdan imtina etməsi, nişanı geri qaytarması mübahisələrə səbəb olub. Valehin Mehribanı harada gördü yaxınlaşıb söz atıb, ona qarşı artıq-əskik hərəkətlər edib, bütün bunlar qızın özünü də, valideynlərini də boğaza yığıb.

Ötən ilin aprel ayından etibarən tərəflər arasında dava-dalaşa səngimək bilməyib. Mehribanın anası Xatunə dəfələrlə Valehdən qızını rahat buraxmasını tələb edib. Amma Valeh Mehribandan əl çəkməyib. Növbəti dava-dalaş ötən il sentyabrın 4-də H.Z.Tağıyev qəsəbəsindəki yataqxanada baş verib. V.İsgəndərov Mehribana və anasına bıçaqla hücum çəkib, onlara çoxsaylı zərbələr endirib.

Ana qızını xilas etməyə çalışır, özü də bıçaq zərbələrinə tuş gəlir

Övladına dəyən bıçaq zərbələrinin önünü kəsməyə çalışan Xatunə Cabbarova “balamı öldürmə, yazığam” deyib aman diləsə də, gözünü qan örtmüş Valeh qadının yalvarışlarına, fəryadına məhəl qoymayıb. Növbəti bıçaq zərbələri qızını qucaqlayaraq bədəni ilə onu qorumaq istəyən anaya sancılıb. Səs-küyə gələn qonşular ana-balanın al-qana bələndiklərini, Mehribanın xırıldadığını görüblər. Hər iki yaralını təcili xəstəxanaya çatdırıblar. Həkimlər X.Cabbarovanın həyatını xilas etsələr də, 20 yaşlı Mehribanı ölümün pəncəsindən almaq mümkün olmayıb.

Təqsirləndirilən Valeh İsgəndərov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində ailə üzvləri ilə birgə yataqxanada yaşadığını, usta işlədiyini, 2013-cü ildə ailə qurduğunu, iki övlad atası olduğunu deyib.

“İnstagram”-da tanışlıq: kim kimi yoldan çıxarıb?

Təxminən beş-altı il bundan öncə yataqxanaya yeni qonşular köçüb. Valehin ifadəsinə görə, yataqxanaya təzə köçən Mehribanla tanışlığı, yaxın əlaqəsi real həyatda deyil, “İnstagram” sosial şəbəkəsində yaranıb. Bir müddət sonra valideynləri onların münasibətindən xəbər tutublar. Bu səbəbdən bir müddət ayrılıblar da. Lakin arvadını rayona - atası evinə yola salan və qonşunun evində təmir işləri aparan Valehin əl-ayağa bir az da açılıb.

Əri ilə Mehriban arasında gəzən söz-söhbət Valehin arvadının da qulağına çatıb. Bu üzdən uşaqlarını da götürərək ər evini birdəfəlik tərk edib və bir daha geri qayıtmayıb. Amma rəsmi qaydada boşanmayıblar. Ötən ilin fevral ayından etibarən Valehlə Mehriban arasında münasibətlər getdikcə daha sıx şəkil alıb. Hətta iş o yerə çatıb ki, Valeh iki uşaq atası olduğu halda valideynlərini qız evinə elçi yollayıb, razılığını alıb. Mehribana mobil telefon, üzük və digər hədiyyələr göndərib. Amma cəmisi iki həftə sonra Valehlə Mehribanın arasında mübahisələr yaranıb. Buna səbəb Valehin iddia etdiyi kimi, nişanlısını qısqanması olub. Mehribanın yüngül həyat tərzi sürdüyünü iddia edən Valeh ondan ayrılmaq qərarına gəlib.

Gənc qızın qatili özünə necə haqq qazandırır...

“Telefona baxanda “İnstagram” da müxtəlif kişilərlə intim mövzuda söhbətlər aparmasının şahidi oldum. Başqa şəxslərlə də yaxın münasibət qurduğunu, mənə xəyanət etdiyini bilib “ilişdiyimi” başa düşüb, ayrıldım. Söz-söhbətlər bundan sonra başladı. Məni şantaj edir, onu zorladığımı deyir, pul tələb edirdilər. Qızın öz razılığı ilə onunla yaxınlıq etdiyimi, bakirə olmadığını desəm də xeyri yox idi. Harda görsələr üstümə hücum çəkir, dalaşır, yataqxanadan köçüb getməyimi tələb edirdilər”,-qatil ifadəsində deyir.

Valehin ifadəsinə inansaq, guya həm qız, həm də anası qazandığı pulları onun əlindən alıblar: “Xatunə bizə gəlib dedi ki, qızımın adı səninlə çıxıb, evlənməlisən. Mən də dedim ki, evlənib altı ay yaşayıb sonra ayrılaram, deyərsiniz ki, narkoman idi, bununla da qızının adı təmizə çıxar. Bununla da razılaşmır, yataqxanadan köçməyimi tələb edirdi. Sonuncu dəfə məndən 200 manat istəmişdi, vermədim deyə söz-söhbət böyüdü. Barəmdə polisə şikayət elədilər. Nə Mehribanı, nə də anasının izləmişəm. Ana-balanın parkda olduqlarını görüb onlara yaxınlaşdım. Məni görən kimi nalayiq söyüşlər söydülər, Xatunə üstümə hücum çəkdi. Ətrafdakı şəxslər bizi ayırdılar, polisə zəng vurdular. Mənə qarşı etdiklərinə görə onları cəzalandırmaq qərarına gəldim. Hətta Xatunəyə dedim ki, söyüşlərini kəs, yoxsa səni öldürəcəyəm...”

“Xatunəyə daha çox nifrət edirdim...”

Elə həmin gün Valeh bıçaqla öncə Mehribana, daha sonra isə Xatunəyə çoxsaylı zərbələr endirib: “Onların sağ qalıb qalmamağı marağımda deyildi. Xatunəyə daha çox nifrət edirdim. Bu oyunları başıma o açmışdı”.

Zərərçəkmiş Aydın Cabbarov ifadəsində ötən ilin fevralında Valehin anası Məlahətin qızı üçün elçi gəldiyini deyib: “Valehin iki uşağı olduğunu deyib rədd cavabı verdim. Məlahət isə dedi ki, oğlu üç ildir boşanıb. Sonradan qızın özünün də Valehə meyli olduğunu görüb razılaşdım. Cəmi on-on beş gün keçməmiş qızım dedi ki, Valehdən qorxuram, ona ərə getmək istəmirəm. Həm də əslində Valehin boşanmadığını, onu aldatdığını söylədi. Buna görə Valehin aldığı hədiyyələri geri qaytarıb onunla əlaqəsini kəsdi”.

Qızı öldürülən ata nə deyir...

Mərhumun atası deyir ki, Valeh addımbaşı qızın yolunu kəsib hədə-qorxu gəlirmiş. Buna görə dəfələrlə Valehlə görüşüb bu barədə söhbət edib, qızının onu sevmədiyini, Mehribandan uzaq durmasını istəyib. Lakin nəticəsi olmadığını görüncə məcbur olub polisə şikayət edib. Bundan sonra Valeh daha da azğınlaşıb: “Xatunə zəng vurub dedi ki, Valeh onları parkda döyür. Dərhal parka getdim, mənə də hücum çəkdi. Orada olanlar bizi Valehin əlindən aldılar. Özümü pis hiss eləyib evə gəldim. Qızımla Xatunə də arxamca gəlirdilər. Bu vaxt blokda səs gəldiyini eşitdim. Qızımla arvadım döşəmədə al-qan içərisində idilər. Mehriban xırıldayırdı. Hər ikisini xəstəxanaya apardıq. Orada Mehribanın öldüyünü dedilər”.

Məhkəmənin hökmü ilə Valeh İsgəndərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Mənbə: virtualaz.org