Kiprdə tutulan azərbaycanlı killerin qardaşı:“Kim deyir ki, onu İran göndərib? Hanı sübut?!..”

Kiprdə tutulan azərbaycanlı killerin qardaşı:“Kim deyir ki, onu İran göndərib? Hanı sübut?!..”

Kiprdə İsrail əsilli milyarder Tedi Saqini və daha bir neçə israilli biznesmeni öldürmək üçün göndərildiyi deyilən, Rusiya pasportu daşıyan azərbaycanlı killerin qardaşı onun barəsində yayılan məlumatları yalan adlandırıb. virtualaz.org xəbər verir ki, 39 yaşlı bu şəxsin qardaşı adının çəkilməməsi şərti ilə yerli “Politics” qəzetinə danışıb. Qardaşının Kiprdə “istirahət etmək üçün gəldiyini” deyib və onu İran kəşfiyyatının göndərdiyi haqda deyilənlərin yalan olduğunu bildirib.

“Kim deyir ki, onun Kiprə səfərinin arxasında İran dayanır? Hanı sübut”,-hazırda həbsdə olan azərbaycanlının dalınca Moskvadan Kiprə getmiş qardaşı belə deyib. O bildirib ki, bir gün əvvəl məhkəmədə qardaşı ilə danışa bilib.

Xatırladaq ki, həmin azərbaycanlı sentyabrın 27-də Kiprin yunan və türk hissəsi arasındakı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında həbs edilib. O, həbsindən təxminən 10 gün əvvəl təyyarə ilə Moskvadan Kiprə uçubmuş və bir neçə dəfə adanın türk və yunan hissəsi arasında gedib-gəlib. Kipr xüsusi xidmət orqanları onu izləyib və Tedi Saqinin ofisinin yerləşdiyi biznes mərkəzinin yaxınlığında həbs edib. Saxlanılarkən azərbaycanlının üzərində səsboğuculu tapança və üç mobil telefon aşkarlanıb. İsrail hökuməti, o cümlədən müdafiə naziri bəyan ediblər ki, Kiprdə İran xüsusi xidmət orqanlarının israilli biznesmenlərə qarşı planlaşdırdığı terrorun qarşısı alınıb. Kipr hakimiyyəti isə hələlik bu versiyanı şərh etmir. Eyni zamanda killer istintaqa danışmaqdan imtina edir.

Həbs olunan azərbaycanlının qardaşı isə deyir ki, İranın adının bu işə qarışdırılması “İsrailin maraqlarına xidmət edir”. Onun sözlərinə görə, qardaşının barəsində ilkin həbs müddətinin uzadılması qərarı qapalı məhkəmədə çıxarılıb, çünki məhkəmə açıq keçirilsəydi “bütün deyilənlərin zarafat olduğu” üzə çıxa bilərdi.

Həmin şəxsin bildirdiyinə görə, o və qardaşı Moskvada yaşayırlar, qardaşının beş uşağı var, biri əlildir. O, ailəsini dolandırmaq üçün gecə-gündüz işləyib, o cümlədən taksi sürüb. Əsas işi Türkiyədən gətirilən meyvə-tərəvəzlə alver etmək olub.

Bildirilir ki, qardaşı hələlik şübhəli şəxslə təkbətək görüşə bilməyib, ötən şənbə günü onun özünü də polis dindirib.

Bu arada Kipr polisi həbs olunan azərbaycanlı ilə bağlantıları olan və ona yardım etməkdə şübhəli bilinən 27 yaşlı pakistanlını həbs edib.

“Philenews” nəşri xəbər verir ki, həmin pakistanlı qida çatdırılması xidmətində işləyirdi və Pafos şəhərində həbs olunub. Bu həbs killerin mobil telefon məlumatlarının araşdırılmasından sonra həyata keçirilib. Polis pakistanlının qaldığı yerdə üç mobil telefon müsadirə edib.

Mənbə: virtualaz.org