"Bankdan 30 min manat çıxararaq mal alıb Səlim müəllimə verirdim " - XİN-in vəzifəli şəxslərinin MƏHKƏMƏSİNDƏN

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Rəsmiyyə Qazıyeva bildirib ki, bir neçə nəfərin adına şirkətlər açaraq banklarda etibarnamə ilə pul götürüb: "Pulu Şahinə verirdim. 15 dəfə pul götürmüşəm. Hər dəfə 15 min götürürdüm və 2 faiz də mənə qalırdı".

Şahid Şahin Abdullayev isə bildirib ki, o, Əmrahbank-ın əməkdaşı olub: "Rəsmiyyə xanım şirkətlər gətirirdi, onların adına pul çıxarırdı. O pulları Rövşən müəllimə verirdi. Mən vasitəçilik edirdim. O pullardan mənə 200 manat qalırdı. 7 ay bu proses belə davam edib".

Digər şahid Xəqani Zalovun sözlərinə görə, onun adına əmisi oğlu tərəfindən şirkət açılıb və pullar çıxarılıb.

Şahid Şahin Rəsulov bildirib ki, Şirvanda yaşayan Ələkbərov Nicat adlı tanışının əli ilə şirkət açıb: "Mən tenderdə qalib gəldim, 32 min pul çıxartdım. O pulu da Rövşənə verdim. 900 manat verildi, deyildi ki, 600 manatı vergiyə, qalanını özünə götür".

Şahid Bilal Qasımov bildirib ki, Xırdalanda usta işləyib: "Rövşəni bankdan tanıyırdım. 10- 30 min arası pul çıxardıb mal almışam. Həmin malları da Səlim müəllimə verirdim, müəyyən faiz də mənə qalırdı".

Proses oktyabrın 20-də davam edəcək.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda tıxac olan yolların SİYAHISI

SONRAKI XƏBƏR

Sahibə Qafarova beynəlxalq forumda çıxış etdi - FOTO