Bakının mərkəzindəki ticarət obyektlərində baş verən yanğın söndürülüb - VİDEO (YENİLƏNİB)

Bakının mərkəzindəki ticarət obyektlərində baş verən yanğın söndürülüb - VİDEO (YENİLƏNİB)

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb. 

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. 

10:35

“İlkin məlumata görə, Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın zamanı 300 kvadratmetr ərazi yanıb”.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini Əkbər Novruzov bildirib.

O, qeyd edib ki, yanğının söndürülməsinə 21 yanğınsöndürən maşın və 105 nəfər şəxsi heyət cəlb edilib:

“Ərazidə müxtəlif təyinatlı obyektlər yanıb. Hazırda ərazidə yanğının baş verməsinin səbəbləri araşdırılır”.

10:26

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla bağlı metronun “Nəriman Nərimanov” stansiyasının bir çıxışı bağlanıb.

10:18

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib. 

Hazırda FHN əməkdaşları hadisə yerində yanğının tam söndürülməsi prosesini icra edir.

10:00

Bakının mərkəzində ticarət mərkəzində baş verən yanğınla əlaqədar bir neçə marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

“Yanğın səbəbindən tətbiq edilən məhdudiyyətlə əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur”.

09:30

Metronun “Nərimanov” stansiyasının yaxınlığında baş verən yanğın davam edir. Yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

“Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir”, - deyə məlumatda qeyd edilib.

 

09:13

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metro City” kimi tanınan ticarət obyektlərində baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. 

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: oxu.az