54 yaşlı kişi sevgilisini qısqandı, küçədə hədələyib... – Təfərrüat

Abşeron rayonunda 1967-ci il təvəllüdlü Aydın qısqanclıq zəminində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Samirə ilə mübahisə edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Aydın Samirənin küçəyə çıxmasına irad bildirib və buna görə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Aydın qadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Samirə ilə 2017-ci ildən etibarən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlayıb: “Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son dövrlərdə Samirə mənim işlərimə müdaxilə edirdi. Məni əsəbləşdirdiyindən aramızda tez-tez mübahisələr yaranmağa başladı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü, saat 18 radələrində şam etmək üçün yaşadıqları küçədə yerləşən kafeyə gedib: “Yemək yeyən zaman Samirənin küçədə olduğunu gördüm. Buna görə də Samirəyə yaxınlaşdım, küçədə nə etdiyini soruşanda dərs keçdiyi uşağın atasının ona 50 manat verdiyini dedi və saymazyana getdi. Bundan sonra əsəbləşərək evə qayıtdım. Məlum səbəbdən dolayı Samirə ilə mübahisə etməyə başladıq”.

Aydın qeyd edib ki, baş vermiş mübahisə zamanı Samirə onu söyüb: “Samirə məni təhqir etdiyindən onun sifətinə yumruqla bir dəfə zərbə vurdum. Samirə övladlarını da götürərək qonşuya qaçdı. Həmin vaxt əlimdə bıçaq və ya başqa əşya olmayıb. Bundan əlavə Samirəni hər hansı bir formada hədələməmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirənin sözlərinə görə, Aydınla əvvəllər münasibətləri normal olub: “Son vaxtlar Aydın işlərimə müdaxilə edərək səbəbsiz qısqanclıq etdiyi üçün aramızda mübahisələr yaranmağa başladı. Hadisə günü saat 18 radələrində yaşadığımız evdə olan zaman dərs keçdiyim uşağın atası mənə 50 manat verdi. Bu vaxt Aydın mənimlə yenə də mübahisə etməyə başladı, məni söydü, təhqir etdi. Bundan sonra Aydın yumruqla sifət nahiyəmə bir neçə dəfə zərbə vurdu, məni döydü. Eyni zamanda məni öldürəcəyini deyərək, sözlə hədə-qorxu gəldi. Qorxumdan övladlarımı da götürərək evdən qaçdım və qonşuya getdim. Orada baş vermiş hadisəni qonşuya danışdım. Qonşu da anamın mobil telefon nömrəsini alaraq zəng etdi, baş verən hadisə barədə ona məlumat verdi”.

Zərərçəkmiş qeyd edib ki, anası Daxili İşlər Nazirliyinin “102 zəng xidməti” mərkəzinə müraciət edib və hadisə barədə məlumat verib. O əlavə olaraq Aydının onu sözlə hədələməsinə baxmayaraq həmin vaxt əlində bıçaq və ya hər hansı bir başqa əşya olmayıb. Zərərçəkmiş Aydınla barışdığını, ondan şikayəti olmadığını qeyd edib.

Abşeron rayon Məhkəməsi hökm çıxaran zaman təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Aydının barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad olunub.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Metro “Qarabağ”ın oyununa görə gücləndirilmiş iş rejimində çalışacaq

SONRAKI XƏBƏR

Dünya Bankı Azərbaycanda yeni ölkə strategiyası hazırlayır