“Bura Xocasən deyil” deyib qayınanamı bıçaqladım” - Qızının ad günündə qətl

“Bura Xocasən deyil” deyib qayınanamı bıçaqladım” - Qızının ad günündə qətl

Qızının ad günündə masanın yerini dəyişdiyi üçün qayınanası Ruqiyə Əhmədovanı öldürən 1984-cü il təvəllüdlü Rahim Cəlilov hadisənin detalları barədə məhkəmədə ifadə verib.

KONKRET.az məhkəmə materiallarına istinadən xəbər verir ki, hadisə bu il yanvarın 12-də Şəkidə R.Cəlilovun qızının ad günündə baş verib.

 

Axşam evə sərxoş halda gələn R.Cəlilov yemək süfrəsi qurulmuş stolun otağın künc hissəsinə qoyulmasını görüb. Bundan qəzəblənərək əvvəlcə süfrəni dağıdıb. Daha sonra qonaq gəlmiş qayınanası ilə mübahisə edib. Qayınanası ona evə sərxoş vəziyyətdə gəlməsi, evdəkilərə qarşı nalayiq ifadələr işlətməsi, əşyaları dağıtması və qızının ad günündə dava salması ilə bağlı iradlar bildirib. Bundan əsəbiləşən kişi Ruqiyə Əhmədovanı bıçaqlayaraq öldürüb.

Məhkəmədə ifadə verən R.Cəlilov qayınanasının onu arvadından boşatdıracağı ilə hədələməsinə əsəbiləşdiyini deyib: “Hadisə baş verən gün uşağımın doğum günü idi. Ona görə bir az araq içmişdim. Evə gələndə stolun yerinin dəyişdiyini görüb iradımı bildirdim. Mənim psixoloji problemlərim var. Stola təpik vurdum, həmin vaxt stolun üstündəki kompot şüşəsi dağıldı. Qayınanam əsəbiləşib qızını məndən boşatdıracağını və onu başqa kişiyə ərə verəcəyini dedi. Ona ailə işlərimizə qarışmamasını dedim. Amma yenə də həmin sözü təkrarladı. Mətbəxdən bıçağı götürüb özümü öldürmək üçün ayaqyolu tərəfə getmək istəyəndə qayınanam qarşıma çıxdı. Əlimdə olan bıçaq birdən ona dəydi”.

Qeyd edək ki, təqsirləndirilən şəxs ibtidai istintaqa ifadəsində isə fərqli fikirlər səsləndirib.

O həmin zaman qayınanasını qəsdən bıçaqladığını etiraf edib: “Xocasəndə kirayə yaşayırdıq. Qaynanam tez-tez bizə qonaq gəlirdi. Bir dəfə mən evə gecə gəldiyim üçün məndən bunun səbəbini soruşdu. Əsəbiləşib “qonaq gəlmisən, qonaq kimi də get” dedim. Dedi ki, nə üçün arvadım Turanəni yaşadığı evə qeydiyyata saldırmıram. Bu məsələnin ona aidiyyatı olmadığını deyəndə qızını məndən boşatdıracağını bildirdi.

Bu söz əsəbimə çox toxunsa da, həmin vaxt reaksiya vermədim. Yanvarın 12-də qızımın ad günü idi, həmi gün Şəkidə öz evimizdə idik. Günorta mağazadan spirtli içki alıb içdim. Evə gedəndə hamının süfrədə oturduğunu gördüm. Qonaq otağına girəndə gördüm ki, anam və qayınanam stolu yerindən götürüb divara tərəf qoyublar. Stolun yerinin dəyişdirilməsi mənim əsəbimə toxunduğu üçün təpiklə stola vurdum. Anam və qayınanama “məni gözləyirdiz? Noldu, bayaqdan stol otağın ortasında idi, mən gələndə dəyişdiz” dedim.

Həmin vaxt qayınanam “bu işin axırı yoxdu. Qızımı boşatdıracam” dedi. Bunu deyəndə əsəbləşdim, mətbəxdən bıçaq götürərək qayınanamın üzərinə getdim, boğazından yapışıb sıxmağa başladım.

“Bura Xocasən deyil” deyib bıçağı qayınanamın qarınına soxdum. Anam “vay aman, öldü arvad” dedi. Mən də anama “ölən zibil deyil” dedim.

Səs-küyə qonşular, daha sonra təcili tibbi yardım və polis əməkdaşları gəldi. Polislərə yaxınlaşaraq “axtardığınız adam mənəm” deyərək təslim oldum. Onu öldürmək niyyətim olmayıb. Sadəcə qorxutmaq istəmişdim. Hadisə vaxtı spirtli içkinin təsirində olmuşam”.

Qeyd edək ki, R.Cəlilov ikinci qrup əlil olub. Xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Rahim Cəlilov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

Mənbə: konkret.az