Övladı ilə birlikdə intihar etdiyi deyilən Aytəndən XƏBƏR VAR - FOTO

Övladı ilə birlikdə intihar etdiyi deyilən Aytəndən XƏBƏR VAR - FOTO

Xəbər verdiyimiz kimi, 30 avqust tarixində Bakının Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib. Badamdar qəsəbə sakini 1997-ci il təvəllüdlü Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən yıxılraq ölüb.

Mərhumun anası Mehriban Süleymanova Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, hazırda istintaq davam edir:

"İşimizə baxırlar, istintaq gedir və vəkildən xəbər gözləyirik. Hələ ki, nəticə görmürük. Mən keçmiş kürəkənimdən prokurorluğa şikayət ərizəsi yazmışam, lazım olan hər yerə müraciət etmişəm. Artıq məktublarıma cavab da gəlib.

Qızım özünə gələndən sonra izahat verdi. Hadisənin necə baş verdiyi barədə danışdı. Qonşuların adından deyilmişdi ki, güya uşağı atıb, sonra özü də intihar edib. Bu isə inandırıcı deyildi, çünki atmaq istəsəydi, elə ana-bala ikisi birlikdə atılardı. Kim südəmər uşağı atıb sonra özünü atar?!

Qızım gözlərini açanda, elə olmadığını bildirdi. Dediyi bütün sözləri vəkilə çatdırmışıq, məlumat istintaqa təqdim olunub.

Yoldaşı deyib ki, axırıncı dəqiqələrini uşaqla keçirtsin. Qızım ondan otaqdan çıxmasını istəyib və səsinin ona pis təsir etdiyini deyib. Daha sonra özü uşağı götürərək otaqdan çıxıb. Mübahisə ediblər. Hər iki tərəf uşağı özünə çəkməyə çalışıb. Daha əvvəllər də nəvəmi qızımdan ayırmağa çalışıblar. Yoldaşı dəfələrlə deyib ki, Aytən getsə, tək gedəcək, uşağı ona verməyəcək.

Qızım uşağı çəkəndə körpə əlindən düşüb, əyilib baxanda özü də sürüşüb, amma daha sonra arxadan onu itələyiblər. Qızım ölmək istəmədiyini deyərək köməyə çağırıb, lakin yoldaşı onu ele oradaca qoyub gedib və qızım yıxılıb.

Mənə zəng edib "Gəl, qızını apar" dedilər. Mən övladımı evə gətirmək üçün gedirdim, amma oraya çatan vaxt artıq hadisə baş vermişdi.

Hansı ana istəyər ki, qızının ailəsi dağılsın?! O mənə deyəndə, deyirdim: "Bala, hər ailədə söz-söhbət olur, zamanla düzələcək hər şey. Mən son günlər bildim ki, dəfələrlə döyülübmüş. Hətta 6 aylıq hamilə olanda da yoldaşı çox pis döyüb. Ona görə də uşağı vaxtından əvvəl dünyaya gəldi.

Bunların hamısını mən yeni öyrənmişəm. Çünki qızımı bizə qoymurdular. Yoldaşım rəhmətə gedənə kimi qızımla əlaqə saxlamağa imkan vermirdilər. Atası rəhmətə getdikdən sonra mənlə danışmağa icazə verdilər.

Mənim yoldaşım "COVID-19" xəstəliyindən vəfat etdiyi üçün əvvəl evə heç kim gələ bilmirdi. Üç mərasimində bircə dəfə qəbir üstünə gətirdilər. Qırx mərasimində adam içinə gətirmək istəmədiklərini dedilər.

Mən heç kimə izah edə bilmirəm ki, qızım bizə şikayət etməyib. Çünki sevirdi, o oğlana bağlanmışdı. Mənim qızım çox çətinliklə ailə qurub. Biz onların ailə qurmasını heç istəmirdik. O bizə qarşı çıxıb ailə qurdu. Biz də söz deyəndə, yoldaşını müdafiə edirdi. İnanın ki, neçə dəfə dedim ki, gedib diplomunu universitetdən götürsün. Dedi ki, yoldaşı ona icazə vermir, özü də gedib götürmür.

Məhkəmənin olacağı günü gözləyirik. Qızım nə danışıbsa, hamısını videoya çəkib lazımi orqanlara təqdim etmişəm . Amma müstəntiq deyir ki, bunlar sübüt deyil, mütləq hadisə şahidləri olmalıdır.

Ümidim onadır ki, istintaq düzgün aparılar və Allahın izni ilə düzgün qərar verilər".

Mənbə: big.az