Vaksinasiya nə vaxta qədər davam edəcək? - İnfeksionistdən CAVAB

Vaksinasiya nə vaxta qədər davam edəcək? - İnfeksionistdən CAVAB

Bildiyimiz kimi, 1 və 2-ci doza vaksin sentyabr-oktyabr aylarında yekunlaşmaq üzrə olduğu halda qeyd edildi ki, 2-ci dozadan sonra 3-cü (buster) doza vurulacaq. Hər 3 doza bitmədən artıq 4-cü dozanın vurulması barədə qərar verildi. Bəs bu dozanı kimlər vurdura bilər?

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.

O bildirib ki, hər kəs öz sağlamlığını mühafizə etmək üçün ildə 2 dəfə vaksinasiyada iştirak etməlidir:

"4-cü doza əvəzinə, növbəti "gücləndirici doza" desək, daha doğru ifadə etmiş olarıq. Nə qədər ki, pandemiya davam edir, reimmunizasiyalara ehtiyac olacaq. Məqsəd hər 5-6 aydan bir zəifləmiş spesifik anti-kovid immunitetinin yenidən gücləndirilməsidir.

Koronavirusdan sağaldıqdan sonra orqanizmdə yaranan immunitet davamsız immunitetdir. Bu o deməkdir ki, bir şəxs xəstəliyə bir neçə dəfə yoluxa bilər. Eynilə, həmin virusdan hazırlanmış vaksin də ömürlük immunitet yarada bilməz. Bu səbəbdən tam vaksinasiya olunmuş hər kəs bu vaksindən qazandığı immuniteti maksimum 6 ay sonra yeniləməlidir. Sual yaranır: bəs bu proses nə vaxta qədər davam edəcək? Cavabında deyə bilərəm ki, pandemiya nə vaxt bitmiş elan olunacaqsa, o vaxt buna ehtiyac da olmayacaq. O vaxta qədər isə hər kəs öz sağlamlığını qorumaq üçün ildə 2 dəfə vaksinasiyada iştirak etməlidir. Təbii ki, bu, sadəcə tövsiyədir".

ZAİRA AKİFQIZI

 

 

Mənbə: sonxeber.az