FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Bakı, 25 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 25-də səhər saatlarında nazirliyin 112 - qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Kamaz” markalı yük avtomobili ilə “Mercedes-Benz Atego” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və “Mercedes-Benz Atego" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlunun həmin nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlığından istifadə edərək vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.

Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Xərçəngdən əziyyət çəkən aktrisanın tərəf müqabili odur - FOTO

SONRAKI XƏBƏR

Nazir müavini tələbə kreditlərindən DANIŞDI