Dəm qazından zəhərlənmənin qarşısını necə alaq? - AÇIQLAMA

Dəm qazından zəhərlənmənin qarşısını necə alaq? - AÇIQLAMA

Hər il olduğu kimi, bu il də qış gəlmədən artıq dəm qazı can almağa başlayıb. Bəs bunun səbəbi nədir? İnsanlar zəhərlənmənin qarşısını necə ala bilərlər?

Məsələ ilə bağlı Sonxeber.az-a təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev açıqlama verib.

Onun sözlərinə görə, dəm qazı elə bir şeydir ki, hər an hiss etmək mümkün olmur. Ona görə də önləyici tədbirlər görmək lazımdır ki, bu cür bədbəxt hadisələrdən insanlar sığortalansınlar və həyatlarını itirməsinlər:

"Payız-qış aylarında havaların soyuması ilə əlaqədar olaraq, insanların istiliyə təlabatı artır. Daha dəqiq desək, qaz yanacağına təlabat artır. Qazın kimyəvi xassəsi düzgün istifadə olunmadıqda yanır, partlayır. Ona görə də insanlar mütləq qaz təchizatı ilə bağlı təhlükəsizlik qaydalarına ciddi yanaşmalıdırlar. Xüsusən də payız-qış aylarında diqqətli olmaq lazımdır.

Dəm qazı nədən yaranır? Yanma prosesi düzgün getmədikdə bu problem ortaya çıxır. Yanma prosesinin düzgün getməməsi nədir? Qaz cihazlarına kənar müdaxilələrin olması deməkdir. Yəni standartlara cavab verməyən qaz sobalarından istifadə etmək, hər hansı təmir işlərinin aparılması və ya yerinin dəyişdirilməsi buna aiddir.

Dəm qazı əsasən harda yaranır? Əlbəttə, hamam otaqlarında. Ona görə də hər bir hamam otağı ümumi standartlara cavab verməlidir. Başa düşürəm, bəzi hamam otaqlarının, havalandırma yerlərində ev sahibi tərəfindən dəyişikliklər edilir.

Amma müəyyən standartlar nəzərə alınmalıdır.

Hamam otaqlarının sahəsi minimum 7 kv metr, hündürlüyü isə 2.5 metr olmalıdır. Mütləq şəkildə nəfəslik, ventilyasiya sistemi və qapıların aşağısında 3-5 dəlik olmalıdır. Ümumiyyətlə, hamam otağının içində qaz təchizatı olmalı deyil. Reklam kimi anlamayın, amma indi müasir avadanlıqlar var.

Onu da qeyd edim ki, satış yerlərində dəm qazını aşkar edən detektorlar var və qiyməti də baha deyil. Funksiyası ondan ibarətdir ki, dəm qazı aşkar olunduqda cihaz elektromaqnit şüa ötürür və qazın təchizatı dayanır. Xüsusi siqnal vasitəsi ilə artıq vətəndaş bilir ki, evdə dəm qazı var.

Təbii ki, bu zaman ev sakinləri qapıları açaraq otaqların havasını dəyişəcəklər və qazın aradan qaldırılması üçün qabaqlayıcı işlər görəcəklər və zəhərlənmə ehtimalı olmayacaq.

Qaz sobalarının tüstü-bacaları vaxtında təmizlənməlidir. İldə azı 2 dəfə, payız-qış mövsümü başlamadan təmizlənməsi məsləhətdir.

Elə adam var ki, illərlə o bacaları təmizləmir, içində quşlar yuva salır, tullantılar olur və qalır daxildə. Bu da qaz yananda maneçilik törədir və tüstü birbaşa evə gəlir, nəticədə dəm qazı yaranır.

ZAİRA AKİFQIZI

 

 

Mənbə: sonxeber.az