Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı turist bazasında sürüşmə baş verib - FOTO

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı turist bazasında sürüşmə baş verib - FOTO

Məcburi köçkünlərin yaşadığı Mingəçevir Turist Bazası ərazisində növbəti dəfə torpaq sürüşməsi baş verib.

"Unikal"-ın məlumatına görə, ötən gün gecə saatlarında baş verən son hadisə zamanı Ağdam rayon sakini Vəli Zeynalova məxsus tikili zərər görüb. Qayanın üzərində yerləşən evin torpaq qatı ovularaq Mingəçevir Su Anbarı hövzəsindəki sahil zolağında tökülüb və tikili geniş çat verib. Xoşbəxtlikdən zərər çəkən olmayıb.

Vəli Zeynalovun sözlərinə görə, ərazidə sürüşmə davamlı hal alıb və bu səbəbdən əvvəllər ev kimi istifadə olunan tikilidən çıxarılan doğmaları daha təhlükəsiz sahəyə yerləşdirib.

Əldə olunan məlumata görə, bazada 60-dan çox köçkün ailəsi məskunlaşıb ki onlardan da 43-ü Ağdam rayon sakinidir.

Məsələ ilə bağlı fikirlərini açıqlayan Ağdam rayon İcra Hakimiyyətinin Mingəçevir şəhəri üzrə səlahiyyətli nümayəndəsi Rafiq Muxtarov turist bazası ərazində vaxtaşırı sürüşmələrin qeydə alındığını bildirib. Onun sözlərinə görə, aidiyyəti qurumlar məlumatlıdır.Belə ki təkcə son bir il ərzində evləri sürüşməyə məruz qalan 3 ailə şəhərin təhlükəsiz ərazilərinə köçürülüb. Bir neçə ailə isə təhlükəsizlik baxımdan digər yaşayış sektorlarında yerləşən kirayə mənzillərdə sığınacaq tapıb.

Amma hər an yeni təhlükə yarana bilər.

E.Muradlı

Mənbə: www.unikal.org