“Məmurun səs yazısı oğlumun günahı olmadığını sübut edir”

“Məmurun səs yazısı oğlumun günahı olmadığını sübut edir”

Kəlbəcər rayonundan olan qadın, Birinci Qarabağ müharibəsində baş çavuş rütbəsində xidmət edən tibbi bacısı Məryəm Qarayeva Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən narazıdır. O, oğlunun ittiham olunduğu cinayət işinin istintaqının ədalətsiz apardığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən M.Qarayeva qeyd edib ki, oğlu Zamin Qarayev Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun icraatında olan iş üzrə “Bağlan Group” MMC-yə məxsus üzərində həbs qoyulmuş texnikaları hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə satılmasını təşkil edəcəyini vəd edərək vətəndaşlardan pul alaraq mənimsəməkdə təqsirlənddirilir.

Qarayevanın iddiasına görə, əslində alınan pullar keçmiş polis əməkdaşı Ceyhun adlı şəxs vasitəsilə icra məmuru Şəhriyar Şirinova verilib. Bir müddət sonra hərrac alınmayıb və vətəndaşlar pulunu tələb edəndə Şəhriyar Şirinov vəsaiti geri qaytarmaqdan imtina edib.

Bundan sonra Zamin Qarayev hüquq-mühafizə orqanlarına şikayət edib.

M.Qarayeva qeyd edib ki, bundan sonra istintaq onun oğlunu cinayət məsuliyyətinə cəlb edərək həbs edib: “Biz dəfələrlə Şəhriyar Şirinovla danışmışıq, açıq-aşkar deyir ki, Korrupsiya İdarəsinin istintaqının rəisi Fərid Nağıyev qohumumdur, mənə heç kim heç nə edə bilməz. Onun bu iddiasını da istintaqın gedişi sübut edir. Müstəntiq pulu alan və hərracı keçirən Şəhriyar Şirinovu, həmçinin vasitəçi olan Ceyhun adlı polisi qoruyaraq mənim oğlumu həbs edib. Zamin bu işdən ona çatan 32 min manatı da ödəyib. İstintaq qeyd edir ki, guya Şəhriyar Şirinovun bu işlərdən xəbəri olmayıb. Bəs onda Şəhriyar Şirinovun icraatında olan işlərin sənədləri mənim oğlum Zamində nə gəzirdi? Şirinovun pulları ödəyəcəyi, burada Zaminlik heç bir iş olmadığını dediyi səs yazısı da var. Şəhriyar da bizə deyir ki, pulun bir hissəsi öz rəisinə, bir hissəsi isə İcra Baş İdarəsininin rəisinə çatıb”.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş olan Araz Həsənov, Eynur Göyüçov, İslam Cəbiyev, Elşən Hüseynov, Rəşad Ələkbərov, Cəfər Hüseynov, Mahmud Nəcəfov Baş Prokuror Kamran Əliyevə müraciət edərək icra məmuru Şəhriyar Şirinovun və Ceyhun adlı polisin cinayət məsuliyyətinə cəlb edilməsini, işin müstəntiq Təqan Vəliyevdən alınmasını xahiş ediblər.

Məryəm Qarayevanın sözlərinə görə, istintaq oğlunun Şəhriyar Şirinovla yazışmalarını və səs yazılarını araşdırmaqdan imtina edib.

Baş Prokurorluqdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin əməlinə hüquqi qiymət veriləcək: "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ilkin araşdırmalarla Zamin Qarayevin icra məmuru Şəhriyar Şirinovun icraatında olan iş üzrə üzərinə həbs qoyulmuş ağır texnikaların guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə satılmasını ayrı-ayrı şəxslərə yalandan bildirərək, bunun üçün Şəhriyar Şirinova rüşvət verilməsi adı altında həmin şəxslərin ümumilikdə 192.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, iş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zamin Qarayevə həmin məcəllənin 29,178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilməklə, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin əməlinə hüquqi qiymət verilməsi təmin ediləcək".

Murad Əhməd

Mənbə: qafqazinfo.az