“Uşaqlar xəyallarını ana dilində qururlar”.
Bunu açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, insan uşaqlıqdan hansı dili daha mükəmməl bilirsə, o dildə özünü daha rahat ifadə edə bilir:
“Uşaqlar da xəyallarını yaxşı bildikləri dildə qururlar.
Ona görə də hər bir valideyn çalışmalıdır ki, yeni doğulan körpəsi ilk növbədə ana dilini mükəmməl bilsin. Unutmayaq ki, uşaq ana bətnində olarkən belə bizi eşidir və duyur. Biz körpəmizi hansı dildə oxşayır və seviriksə uşaqda da o dilə maraq çox olur.
Əgər ana bətnindəki usağı ana dilimizdə seviriksə, uşaq dünyaya gələndə onun şüuraltısı da “0”-dan o dildə formalaşır. Ata-ana evdə hansı dildə danışırsa, uşaq da 3 yaşa qədər o dildə özündə baza yaradır. Tədricən uşaq fikirlərini o dildə ifadə edir, o dildə xəyal qurur”.
Psixoloq təəssüflə qeyd edib ki, bəzi valideynlər çox erkən yaşlarında uşaqlarını rus və yaxud ingilis dilli bağçalara qoyurlar:
“Hədəf də o olur ki, uşaq daha erkən yaşda əcnəbi dili bilsin. Amma bunu edən valideynlər unudurlar ki, körpələrini çox böyük travmaya məruz qoyurlar. Özünü və fikrini yenicə ifadə etməyə başlayan körpə yeni auraya, ortama düşür. Bu zaman uşaqda bir sıra qüsurlar ortaya çıxır.
İlk növbədə uşağın dilində qüsurlar yaranır.
Bir dildə düşünüb, başqa dildə danışan uşaq sözlərin sinonimini tapa bilmir. Ona görə də uşaqlar danışan zaman “eeee”lərdən daha çox istifadə edirlər. Evdə bir, bağçada, məktəbdə başqa dildə danışan uşağın sosial bacarığı, özgüvəni çox aşağı səviyyədə olur. Çünki təhsil aldığı bağçada, məktəbdə uşaq özünü əcnəbi dildə tam ifadə edə bilmir. Ya çox az danışır, ya da fikrini çətinliklə ifadə edir.
Nəticədə uşaq psixoloji travma alır. Uşaq düşünür ki, mən özümü düzgün ifadə edə bilmirəm. Bu da onun özünə qapanmasına və ictimai fəallığının azalmasına gətirib çıxarır”.
Gülnar Orucova onu da bildirib ki, ana dilini səlis bilmədiyi üçün bəzi uşaqlar əksəriyyətlə ünsiyyətə girə bilmirlər:
“Ünsiyyətə girə bilməyən uşaq son nəticədə sosiallaşa da bilmir. Bir sözlə uşaqların kiçik yaşlarından əcnəbi kurslara və əcnəbi məktəblərə göndərməklə onlara çox böyük zərbə vurmuş oluruq.
Dili hər zaman öyrənmək olar.
Amma kiçik yaşlarından əcnəbi dillərin öyrənilməsinə məcbur edilən uşaqlar sonradan lidertipaj olmur. Yəni bir dildə düşünüb, başqa dildə danışmaq məcburiyyətində qalan istənilən şəxs uğurlu lider ola bilmir. Ona görə də uşaqları ana dilində böyütsək, ana dilində onları sevsək, onda həmin uşaq həm öz dilini və Vətənini daha çox sevəcək, həm də həyatda daha yaxşı özünü sübut edə biləcək”.
Mənbə: bizim.media