Körpələrdə kəllə sümüyü nazik olduğu üçün adi bir zərbə beyni zədələyə bilər - Nevroloqdan AÇIQLAMA

Körpələrdə kəllə sümüyü nazik olduğu üçün adi bir zərbə beyni zədələyə bilər - Nevroloqdan AÇIQLAMA

Dünəndən gündəmi zəbt edən bağçada körpənin başına tərbiyəçinin vurduğu yumruq zərbəsi ilə bağlı məsələ digər vacib problemi aktuallaşdırdı. İstər ailəiçi, istər bağçada, məktəbdə uşağın başına, kəlləsinə hər hansı fiziki təzyiq, zərbənin dəyməsi onun səhhətində hansı fəsadlara yarada bilər.

Kəlləyə zədə uşaqlarda nitq qüsuru, görmədə problem, epilepsiya yarada bilərmi?

Milli.Az bildirir ki, mövzu ilə bağlı medicina.az-a açıqlama verən uşaq nevroloqu Aynur Zeynalova belə zədələrin kəllə-beyin travmalarına səbəb olacağını istisna etmədi. Həkimlər belə travmalarla tez-tez rastlaşır və zərbədən asılı olaraq müxtəlif fəsadlar görülür.

Medicina.az həkimin açıqlamasını təqdim edir.

"Körpələr və uşaqlarda kəllə beyin travmaları çox təhlükəli məsələdir. Uşaqlarda adətən velosipeddən düşmə, hündür yerdən yıxılma, başın yerə dəyməsi, qəzalar, balkondan düşmə zamanı kəllə beyin travmaları yaranır. Travma dərin, ciddidirsə yaxın saatlarda ürəkgetmə, qusma, başağrı, davranış pozulmaları müşahidə edilir. Xəstə dərhal xəstəxanaya çatdırılmalıdır.

Uşaqlarda beyinlə sümük zəri arasında qanama, beyin toxumasında qanama, zədə görülə bilər.

Körpə yaşlarda kəllə sınaqları, qanama və beyin zədələnməsinin əsas səbəblərindən biri odur ki, körpələrdə kəllə sümüyü nazik olduğu və tam formalaşmamış olur, ona görə ani bir zərbə hansı ki, böyük insanda heç bir fəsad vermir, körpəni öldürə, ific və şikəst edə bilər. Uşaq yerişini, davranışını itirir, epileptik tutmalara səbəb ola bilir.

Ona görə körpə uşaqların başını hər hansı zərbədən qorumaq lazımdır.

Bir nevroloq kimi böyük, yaşlı insanlar, hətta ailə üzvləri tərəfindən fiziki təsirlə bağlı uşaqlarda kəllə-beyin travmaları qarşımıza çıxır. Bu hal körpə və azyaşlı uşaqlarda fiziki zədə ilə yanaşı psixoloji narahatlıqlara da səbəb ola bilər.

Travma olan gün problem olmasa belə, bir neçə gündən sonra əlamətlər baş qaldırır. Başından travma almış uşaq üzdə heç bir narahatlıq olmasa da mütləq nevroloqa aparılmalıdır".

Milli.Az

Mənbə: news.milli.az