Cəlilabadda 16 kiloqramdan çox narkotik maddə aşkarlanıb

Cəlilabadda 16 kiloqramdan çox narkotik maddə aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 16 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini İkram Alməmmədov Cəlilabad şəhəri ərazisində Biləsuvar rayon sakini Əfşari Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.

Həmin avtomobildən İ.Alməmmədova məxsus torbadan ayrı-ayrı bükümlərdə, ümumilikdə, 14 kiloqram 725 qram heroin və 1 kiloqram 355 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Mənbə: azertag.az