Məhkəmə 77 nəfəri öldürən terrorçunun azadlığa buraxılması tələbinə baxacaq

Məhkəmə 77 nəfəri öldürən terrorçunun azadlığa buraxılması tələbinə baxacaq

Norveçdə dəhşətli qətliam törədən və 21 il müddətinə azadlıqdan məhrum edilən terrorçu Andres Breyvikin vaxtından əvvəl azadlığa buraxılması işi üzrə məhkəmə iclası keçiriləcək. AzVision.az
“TV2”yə istinadən xəbər verir ki, iclas bu gün başlayacaq.

Breyvik müasir Norveç tarixinin ən qəddar terrorçusudur. Düz on il əvvəl, 2011-ci ildə o, Osloda hökumət binası qarşısında bomba partladıb, daha sonra polis qiyafəsində Utoya adasına gedib və burada gənclərin yay düşərgəsində atəş açaraq 77 nəfərin ölümünə səbəb olan hücumlar həyata keçirib.

Norveçdə hüquq sistemi elə qurulub ki, maksimum 21 il həbs cəzasına məhkum edilmiş şəxsin on ildən sonra işinə baxılmaq hüququ var. Bu, Anders Breyvikə də aiddir.

"Bu, hər bir insan üçün qanuni haldır ", - vəkil Yon Vessel-Aas deyib.
O əlavə edib ki, Breyvik 10 ildən sonra şərti azadlığa çıxmaq hüququndan istifadə edir.

Bununla belə, səlahiyyətlilərə görə, Breyvik hələ də cəmiyyət üçün təhlükədir. Prokuror Hulda Karlsdottir bildirib ki, hökumət cəmiyyəti qorumaq üçün Breyvikin davamlı həbsdə qalmasının vacibliyini düşünür.

Məhkəmə iclası 3-4 gün ərzində Şien həbsxanasında keçiriləcək.

Breyvik öz hərəkətini marksistlərin təşkil etdiyi Avropanın islamlaşmasına qarşı müharibəyə başlamaq istəyi ilə izah edib.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az