86 yaşlı nənəsinə xəsarət yetirib evindən oğurluq etmək istədi

86 yaşlı nənəsinə xəsarət yetirib evindən oğurluq etmək istədi

Kürdəmir rayonunda nənəsinin evinə girərək ona xəsarət yetirib oğurluq etmək istəyən Rəmzi Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Paralel.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yanvarın 31-nə təyin olunub.

Qeyd edək ki, kənd sakini Rəmzi Bəşirov həmin kənddə yaşayan 86 yaşlı nənəsi Güldənə Məmmədovanın evinə girib və ona xəsarət yetirərək pul oğurlamağa cəhd göstərib. Lakin nənə qışqıraraq qonşuları köməyə çağırdığı üçün o, öz çirkin əməlini həyata keçirə bilməyib və qaçıb.

86 yaşlı Güldənə Məmmədova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, evinə oğru girməsi və ona xəsarət yetirməsi ilə bağlı məlumat verib. Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəmzi Bəşirov şübhəli şəxs qismində saxlanılıb və polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib və bu işdən peşman olduğunu bildirib.

Mənbə: paralel.az