Rüfət Yusifov vəfat etdi

Rüfət Yusifov vəfat etdi

Azərbaycan turizminin təbliğində və dünyaya tanıdılmasında böyük xidmətləri olan Rüfət Yusifov 73 yaşında dünyasını dəyişib.

Bu barədə Day.Az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, o, 1948-ci il iyunun 7-də Bakıda anadan olub.

1977-ci ildən Bakı Səyahət və Ekskursiya Bürosunun metodiki ekskursiya şöbəsinin rəhbəri olaraq çalışan Rüfət Yusifov fəaliyyəti dövründə ölkə turizminin formalaşması və inkişafına böyük töhfə verib.
Rüfət Yusifov Azərbaycanın turizm sənayesinin aparıcı mütəxəssisi kimi uzun illər bir sıra özəl turizm şirkətlərində və təşkilatlarında çalışaraq ölkə turizminin həm postsovet məkanında, həm də Avropa ölkələrində tanıdılmasında müstəsna rol oynayıb.

Rüfət Yusifov turizm sahəsində göstərdiyi xidmətlərinə görə "Əməkdar turizm işçisi" fəxri adına və "Tərəqqi" medallarına layiq görülüb.

 

Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi tanınmış turizmçi Rüfət Yusifovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Mənbə: news.day.az