Bu rayonlarda vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ağaclar kəsilib, cinayət işləri açıldı

Öz qanunazidd əməlləri ilə ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılmışdır.

Aparılmış araşdırmalar nəticəsində, İsmayıllı və Goranboy rayonlarında, həmçinin Şirvan şəhərində qanunvericiliyin tələblərinə əsasən dövlət qurumlarının və bələdiyyələrin yaşıllıqların mühafizəsinə yönəlmiş nəzarət və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar üzərlərinə düşən vəzifələrin yerinə yetirilməməsi, habelə aidiyyəti vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ümumilikdə 56 ədəd ağacın qanunsuz kəsilərək təbiətə 14 min 630 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir.

Qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq aidiyyəti üzrə İsmayıllı və Xocalı rayon, o cümlədən Şivan şəhər prokurorluğuna göndərilmişdir.

 

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlarımızdan yaşıllıqların mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsini, zəruri hallarda müvafiq icazələrin alınması üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsini tövsiyə edərək qeyd edir ki, ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntularına yol verilməsi hallarına qarşı bundan sonra da ən ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Onlar buna görə üzr istədilər - Siyahı

SONRAKI XƏBƏR

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb