Falçı polisi belə hədələdi: Məni tutsanız, bəlaya düçar olacaqsınız - VİDEO

Falçı polisi belə hədələdi: Məni tutsanız, bəlaya düçar olacaqsınız  - VİDEO

Kürdəmirdə falçılıqla məşğul olan Aygün Abdullayeva adlı qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Aygün Abdullayeva fala baxmaq adı ilə rayon sakininin evinə gedib, ev sahibinin huşunu itirməsindən istifadə edərək, onun 500 manatını və 4800 manatlıq qızıl-zinət əşyalarının oğurlayıb.

Araşdırma zamanı məlum olub ki, insanların etibarından sui-istifadə edən bu qadın dilənçiliklə də məşğul imiş və dəfələrlə məhkumluq həyatı yaşayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Aygün Abdullayeva ilahi vergiyə sahib olduğunu iddia edir, Allahın yer üzündə elçisi olduğunu söyləyirmiş. İstintaqa cəlb edilərkən isə polisə hədə-qorxu gəlib və "məni tutmayın, tutsanız bəlayi-müsibətə düçar olacaqsınız..." - deyib.

Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Mənbə: apa.az