Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız - Hakim

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Rafael Cəbrayılovun qardaşı Rauf Cəbrayılov bildirib ki, o "Dərhal" MMC şirkətinin təsisçilərindən biri olub.

"Şirkətə faktiki rəhbərliyi isə mərhum qardaşım edib. Mən uzun illər Moskvada yaşamışam. Sonradan bu işlərə qatıldım. Həmin şirkətdə mən və Elşən Cəbrayılov təsisçi idik. Rafael deputat olduğu üçün rəhbər ola bilməzdi, ona görə, o sənədsiz rəhbərlik edirdi. Mən faiz söhbətlərinə görə Rafaellə mübahisə edirdim. Həmişə bu işlərin haram olduğunu deyirdim. Son dörd ildə də onunla ümumiyyətlə danışmamışıq. Mübahisələrə yeganə səbəb də onun daim faiz ödəməsi olub",- şahid bildirib.

Şahidin ifadəsinə münasibət bildirən cinayət işi üzrə zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov ondan tikinti işlərinə kimin rəhbərlik etməsini və onun bu işlərdə rolunun nədən ibarət olduğunu soruşub. Şahid cavabında bütün işləri Rafael Cəbrayılovun apardığını, özünün isə arabir şirkətə gəldiyini deyib:

"Mən qardaşlarımın yanına gələndən münaqişədə olmuşam. Gəlirin də 70 faizi Rafaelə, 30 faizi isə bizə çatırdı".

Vəkil Kamandar Nəsibov Rauf Cəbrayılovu yalan danışmaqda və bütün məsələləri mərhum qardaşının üstünə atmaqda günahlandırıb.

"Deyirsiz ki, mən şirkətin təsisçisi olmuşam, amma aparılan işlərə qarışacağım olmayıb. Bu necə ola bilər? Siz həmişə şirkətə gəlib-getmisiz. Özünüzə hacı deyirsiz, amma yalan danışırsız, hacı yalan danışmaz",- deyə vəkil bildirib.

Prosesə sədrlik edən Əhməd Quliyev də şahidin ifadəsinə münasibət bildirib:

 

"Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsız, onun burada nə dediyi mənim yaxşı yadımdadır. Ortada dəymiş ziyan var, bunu kim ödəməlidir?, gedin Allahı tanıyın".

Daha sonra cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Bəşir Məmmədovun məhkəməyə göndərdiyi vəsatət elan olunub. Zərərçəkmiş ərizəsində pulu Elşən Cəbrayılova ödədiyini, buna baxmayaraq onun cinayət məsuliyyətinə cəlb olunmadığını yazıb. Vəsatətdə cinayət işinin istintaqa qaytarılması xahiş olunub.

Sonda bir neçə dəfə prosesə çağırılsa da iştirak etməyən şahidlərin məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunub.

Növbəti proses fevralın 10-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan, Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R.Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib

Trend.az

ƏVVƏLKİ XƏBƏR

QHT Agentliyinin rəhbərliyi Fəxrəddin Altunla görüşüb

SONRAKI XƏBƏR

Rəqsanə ilk dəfə əkizlərinin üzünü göstərdi - VİDEO