Bakıda taksi sürücüləri cərimədən yayınmaq üçün yeni metod tapdılar -VİDEO

“Bakının bir çox küçəsində sürücülər avtomobillərini yolun kənarında, hətta avtobusların hərəkəti üçün ayrılan xüsusi zolaqlarda saxlayırlar. Hələ bu azmış kimi, avtomobilin yükdaşıma hissəsini (baqajını) açıq saxlayırlar. Bunu cərimədən yayınmaq üçün edirlər. Çünki dövlət nömrə nişanları yük yerinin üzərində olur və onu açıq saxlayanda nömrə müşahidə kamerasına düşmür”.

Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, əvvələr də bu kimi qayda pozuntuları qeydə alınırdı. “Bəzi sürücülər avtomobilin nömrə nişanını əski parçası ilə bağlayırdılar. Bunu etməklə sürücülər özlərini aldadır. Çünki parklanma yerinə daxil olan zaman kamera avtomobilin nömrəsini qeydə alır”, - o bildirib.

Ekspertin sözlərinə görə, bu kimi hallara ən çox taksi sürücüləri yol verir: “Əslində onları çox da qınamaq olmaz, çünki dayanmaları üçün heç bir yer nəzərdə tutulmayıb”.

E.Muradlı onu da əlavə edib ki, Bakı şəhərində dayanma-durmanı qadağan edən nişanlar həddindən artıq çoxdur. “Neftçilər prospekti və Zərifə Əliyeva küçəsi buna nümunədir. Bu hal sürücülər arasında qıcıq yaradıb. “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsinin 124-126-cı maddələrində kameralar vasitəsilə, xüsusi texniki vasitələrlə qeydə alına bilən xətaların siyahısı var. Lakin həmin siyahıda dayanma-durma yoxdur. Parklanma yerində kamera ilə cərimə yazılması məsələsi qanunidirmi? Məsələ sual doğurur”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə bildirib ki, təmsil etdiyi qurum xüsusi texniki vasitələrdən istifadə etməklə dayanma-durma və parklanma qaydaları ilə bağlı pozuntuları aşkar edə bilir.

“Bəzi ekspertlərin bunun əksini iddia etməsi sürücülər arasında çaşqınlıq yaranmasına hesablanıb”, - o bildirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli bildirib ki, Bakıda sürücülərin dayanma-durma qaydalarının pozulması halları mütəmadi təkrarlanır.

“Son dövrlər sürücülər tərəfindən avtobus zolaqlarına daxil olma və nəqliyyat vasitələrinin dayanma-durma qaydalarını pozaraq park etmələri müşahidə olunur. Bir çox hallarda isə həmin avtomobillərin yükdaşıma hissəsini (baqajını) açıq saxlayırlar. Bu kimi hallara yol verən sürücülər bilməlidir ki, onların inzibati məsuliyyəti daha da artır”.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

DTA-nın rəsmisi: “Aqrar turizmin inkişafı əsas hədəflərimizdən biridir”

SONRAKI XƏBƏR

Bakıda məşhur oteldə İNTİHARA CƏHD: qollarını doğradı