Azərbaycanda həbs olunan Boliviya vətəndaşının məhkəməsi başlayır

Azərbaycanda həbs olunan Boliviya vətəndaşının məhkəməsi başlayır

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Boliviya vətəndaşı Calle Fernandez Marianın cinayət işin üzrə istintaq başa çatıb.

APA-nın məlumatına görə, onun barəsində toplanan cinayət işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsət Abbasovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, Boliviya Respublikasının vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda külli miqdarda narkotik vasitə olan kokain aşkarlanıb. Belə ki, həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi usulla düzəldilmiş gizli saxlanc yerindən 2 kiloqram 65 qram narkotik vasitə - kokain aşkar edilərək götürülüb.

Fakt əsasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeiro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb.

Mənbə: apa.az