“Sifətimə elə şillə vurdu ki, üzüm göyərdi, qulağımdan su gəldi...” - Küçədə döyülən aktrisa

“İndi polis bölməsindən çıxdım. Baş verən hadisəni qeydə aldılar. Şiddətlə bağlı ikinci izahatımı yazdım. Birinci izahatımda imkan verməmişdilər ki, mənə olunan şiddəti yazım. Media baş verən hadisəni işıqlandırdıqdan sonra mənə qarşı olan şiddəti də yazdım. Polisdən sənəd verdilər. Sabah ekspertizaya gedəcəyəm”.

Bu sözləri ötən gün qonşusu tərəfindən hücüma məruz qalan gənc aktrisa Mehin Bayramlı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Aktrisa başına gələn xoşagəlməz hadisəni belə nəql edib:

“Dünən işdən gec çıxdım. Yolla gedirdim. Heç vaxt görmədiyim qonşum sərxoş görünürdü. Ayaq üstə dayana bilmirdi. Yıxılıb, yenidən ayağa qalxırdı. O, arxadan mənə yaxınlaşıb, belimdən tutub, özünə tərəf çəkdi. Sanki belə də olmalıdır kimi rəftar etdi. 40-45 yaşında olan bir şəxsdir, ailəlidir, iki oğlu var”.

N.Bayramlı sonra əlavə edib:

“Hər gün getdiyim yoldur. Ağlımın ucundan belə keçməzdi ki, başıma belə iyrənc hadisə gələ bilər. Sifətimə elə şillə vurub ki, sol tərəfim göyərib, qulağımdan da su gəlib. Yaxşı ki, qan gəlmədi. İki gün sol tərəfimlə yata bilməmişəm. Aldığım zədə ilə bağlı bu məlumatı da polislərə bildirdim. Onlara təşəkkürümü bildirirəm ki, bunu da nəzərə aldılar”.

Hazırda özümü normal hiss edirəm. Amma almacıq sümüyümdə ağrılarım var. Sabah ekspertizaya göstərəcəyəm, görək nə rəy bildirəcək?”.

M.Bayramlı ona hücum edən şəxsin ailə üzvləri dəfələrlə qapılarına gələrək şikayət ərizəsini geri götürməyini xahiş etdiyini bildirib.

“Hadisədən sonra həmin şəxsin anası və qardaşının həyat yoldaşı evimizə gəlib. Anam onları evə buraxmayıb, amma onlar zorla evimizə soxulub, üzrxahlıq ediblər. Anamın ayaqlarının altına düşüblər ki, qızınız ərizəni polisdən geri götürsün. Daha sonra yenə də gəliblər bizə. Onlara söylədim ki, əgər üçüncü dəfə gəlsəniz, məni narahat etdiyinizə görə sizi polisə verəcəyəm. Ona görə də nə məni, nə də ki ailəmi artıq narahat etmirlər. Mən qonşularımı yaxından tanımıram”.

Aktrisanın sözlərinə görə, sabah ona hücum edən şəxs polisə çağırılıb, izahatı alınacaq:

“Kişinin özünün bu hadisəni törətməsindən güya xəbəri yoxdur. Yalnız polisə müraciət etdiyimi və oraya şikayət ərizəsi yazdığımı bilir. Onu hələ polis çağırmayıb. Bu məsələyə sabah baxılacaq. Heç bir şikayətimi geri götürməyəcəyəm. Bu məsələnin sonuna qədər gedəcəyəm. O şəxs hüquq müstəvisində cəzalanmalıdır”.

Rəşad Əliyev, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Rusiya yenidən hücuma keçdi

SONRAKI XƏBƏR

Piano Festivalı Bakıda müxtəlif səhnələrdə davam edir – FOTO