ABŞ meymunçiçəyi testinin miqyasını genişləndirir

ABŞ meymunçiçəyi testinin miqyasını genişləndirir<span class="qirmizi"></span>

 

Bakı, 23 iyun, AZƏRTAC

Birləşmiş Ştatların hakimiyyət orqanları meymunçiçəyinə yoluxma hallarının müəyyən edilməsi üzrə testlərin miqyasını artırır. Bu məqsədlə beş kommersiya laboratoriyasına test verilməsi planlaşdırılır.

AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, Səhiyyə və Sosial Xidmətlər Departamenti meymunçiçəyi testlərinin miqyasını və əlçatanlığını artırmaq üçün xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə federal mərkəzlər vasitəsilə kommersiya laboratoriyasına test göndərməyə başlayıb.

Səhiyyə müəssisələri iyul ayından etibarən bu laboratoriyalara müraciət edə biləcək. Hazırda ABŞ-da test miqyasının yetərsiz olması səbəbindən hakimiyyət orqanları meymunçiçəyi xəstəliyinin miqyası ilə bağlı dəqiq bilgiyə malik deyil. Son məlumata görə, indiyə qədər ölkədə infeksiyaya 156 təsdiqlənmiş yoluxma halı aşkarlanıb.

Adətən Afrikada rast gəlinən meymunçiçəyi infeksiyası hazırda Avropa və Şimali Amerika ölkələrində də müşahidə olunur.

Meymunçiçəyi nadir virus infeksiyasıdır. Xəstəlik çox vaxt yüngül keçir və yoluxanların əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Yüksək hərarət, baş və bel ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və əzginlik xəstəliyin ilk simptomlarıdır. Əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmələr əmələ gəlir.

Mənbə: azertag.az