“Ekoloji risk artır, Azərbaycanın 60 faizə yaxın ərazisində...“ – Alimdən çağırış

 

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Xidməti Kür çayının ərazisində yaşayan əhaliyə xəbərdarlıq edib.

Xidmətdən verilən məlumata görə, iyunun 28-dən gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir: “Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir.

Yaxın günlər ərazində, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlara dolu düşəcəyi ehtimalı var".

Hələ 2020-ci ilin qış fəslindən aidiyyəti qurumlar, eləcə də səlahiyyətli şəxslər Kür çayında suyun səviyyəsi xeyli azalmasına dair həyəcan təbili çalırdı. Azalma daha çox Kürün Neftçala, Salyan rayonları ərazisindən keçən hissəsində müşahidə olunurdu.

İrəliləyən zamanlarda dəniz suyunun Kür çayına qarışması da müşahidə edildi. Problem o həddə çatmışdı ki, Kür Xəzərə yox, Xəzər Kürə axırdı.

Yay fəslində vəziyyətin getdikcə daha acınacaqlı hal alması gözlənilirdi. Amma gözlənilənin əksi olaraq ETSN Kürün daşma təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Maraqlıdır, Kürün vəziyyətini dəyişən amillər nələrdir?

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov vəziyyəti Teleqraf.com-a şərh edib.

O bildirib ki, iqlim dəyişmələri, havanın temperaturunun artması fonunda son zamanlar güclü yağıntılar müşahidə edilir: “Bunlar təbii amillərdir. Atmosfer proseslərini yaxşı dərk edən şəxslər bunlardan qorxmamalıdır. Amma buna qarşı mütləq müəyyən tədbirlər həyata keçirilməlidir ki, sabah təhlükəli ekoloji vəziyyət yaranmasın. Əgər havanın temperaturu artırsa, bilirik ki, bu zaman buzlaqlar əriyir, okean və su hövzələrinin sahələri artır. Belə olan halda buxarlanma da çoxalır. Nəticədə atmosferə daha çox su buxarı daxil olur, havada mütləq rütubətin miqdarı artır.

Belə münbit şəraitdə yağıntıların çox düşmə ehtimalı daha da artır. İqlim dəyişmələri olan şəraitdə çox yağıntı alan regionlarda yağıntının daha da artma ehtimalı var və bu, özünü göstərir. Yəni troposferə daxil olan su buxarı mütləq son nəticədə yer səthinə qayıtmalıdır. Bu zaman havada olan su buxarının miqdarı artdığı üçün qeyri-adi, gözlənilməyən metroloji hadisələrlə qarşılaşırıq.

Azərbaycanın qərb rayonlarında yay aylarında dolu şəklində qəfil düşən yağıntının miqdarı kifayət qədər çoxalıb. Bunun başlıca səbəbi atmosferdə su buxarının artmasıdır. Buxar Yerə qayıdanda bəzən çox şəkildə olur, normadan çox olanda da bizdə həyəcan yaradır”.

Mirnuh İsmayılov Kür çayının suyunun kəskin artacağı və ətraf ərazilərin su altında qalacağına dair ehtimallarla razı deyil: “Kür çayının daşma ehtimalı yoxdur. Çünki qəfil yağan yağıntılar və qəfil dəyişən atmosfer hadisələri müvəqqəti xarakter daşıyır. Amma həmin regionlarda əhaliyə kifayət qədər ziyan vurur. Bu da təbiidir, çünki onu gözləmirik. Kür çayının aşağı axınında daşqınların olma ehtimalını görməsəm də, ETSN-in Milli Hidrometeorologiya Xidməti bu barədə əvvəlcədən məlumat verdiyi üçün müəyyən tədbirlər görmək lazımdır.

Hazırda daşqının olması mümkün deyil. Çünki qərb rayonlarında olan yağıntını tuta biləcək kifayət qədər su anbarlarımız var. Hazırda Sərsəng, Mingəçevir su anbarlarından kifayət qədər su götürülüb suvarmada istifadə olunur. Əgər su gələrsə, su anbarları ehtiyatlarının yenidən bərpa ediləcək ki, bu da qarşıdakı aylarda suvarmanın normal şəkildə həyata keçirilməsinə imkan verəcək. Amma həmin suyun Kürə buraxılması çayın aşağı axınında, xüsusilə Salyan, Neftçala rayonları ərazisində əhalinin normal su ilə təminatına şərait yaradacaq.

Bu yaxınlarda Qarabağ düzündə olduq və ərazidə tədqiqatlar apardıq. Deyə bilərəm ki, Tərtərçayın aşağı axınında vəziyyət çox bərbaddır. Demək olar ki, su axmırdı və orada yosunlanma prosesi baş vermişdi, su lillənmişdi. Xaçınçayda ümumiyyətlə, su yox idi. Amma bu o demək deyil ki, çay dərəsinə ifrat müdaxilələr olunmalıdır. Xaçınçayın dərəsinə illərlə su gəlməyib. Amma son zamanlar atmosfer hadisələrində kəskin dəyişmələrin müşahidə edilməsi, haçansa oraya suyun gəlmə ehtimalını artırır. Xaçınçay dərəsinin ətraf əraziləri yaşayış məntəqələrinin zibilxana poliqonuna döndərilib. Amma bu, ekosistemdir, ətrafda gözəl meşələr var və ətraf da ona yaraşan şəkildə olmalıdır. Eyni vəziyyəti Tərtərçayın aşağı axınında da görmək olar. Amma bu o demək deyil ki, Tərtərçaya su gəlməyəcək.

Hazırkı isti dövrdə böyük Qafqazın cənubundakı çaylarda qəfil daşmalar baş verə bilər. Bu dövrdə yüksək rütubətli, müxtəlif temperatura malik olan hava axının bir-birinə qarşılaşma ehtimalı daha çoxdur. Ona görə də əhalinin ehtiyatlı və tədbirli olmağa, çay sahillərinə çox yaxınlaşmamağa çağırırıq. Çayın ətrafında çadır qurmaq, istirahət yerləri düzəltmək o qədər də doğru deyil, bundan uzaqlaşmaq lazımdır”.

Alim Kür çayında da tədqiqatlar apardığını deyib: “Yuxarı Qarabağ kanalına kifayət qədər su buraxılmışdı, çayın Yevlax hissəsində olan əhali də bundan istifadə edirdi. Təəssüf ki, əhali müasir suvarma üsullarından çox, hələ də vəhşi suvarmaya üstünlük verir. Bunları dəyişmək lazımdır. O demək deyil ki, çaylarımızda kifayət qədər su var və biz ondan istədiyimiz kimi istifadə etməliyik. Quraqlıq, su çatışmazlığı riski bütün dünya üçün olduğu kimi, Azərbaycanın da 60 faizə yaxın ərazisi üçün böyük ekoloji risk olaraq qalır. Buna qarşısını almaq məqsədilə sudan səmərəli istifadə edilməlidir”.

Ötən illər Kürün suyunda quruma baş verəndə işğalda olan ərazilərdən çayın hövzəsinə axan çayların üzərində iri su anbarlarının tikilməsi bir səbəb kimi göstərilirdi. İndi artıq ərazilərimiz işğaldan azad olunub. Daşmaya və ya çayda suyun artmasına bu amil təsir edirmi?

Mirnuh İsmayılov Həkəri və Tərtərçayın ən böyük çay olduğunu deyir: “Tərtərin üstündə bir su anbarı tikilib. Bunun biri - Suqovuşan bizdə olsa da, Sərsəng su anbarı hələ rus sülhməramlılarının müvəqqəti nəzarətindədir. Belə məqamlar olduğu üçün biz Tərtərçayın aşağı axınında problemlər görürük. Demək olar ki, Tərtərçayın Kürə yaxın tərəflərində çay suyu axmır. Amma Həkəri çayında kifayət qədər su var. Həmin su da Araz çayının qidalanmasına gedir. Araz çayının üzərində kifayət qədər su anbarları tikilib. Bu yaxınlarda Araz çayına da səfər etdim, ötən ilki həyəcanlı vəziyyəti bu il müşahidə etmədim.

Biz yenə də qəfil atmosfer hadisələrinə hazır olmalıyıq. Bu il başqa cür, növbəti il tamam fərqli ola bilər. Yəni qəfil su artıb-azala bilər. Qəfil dəyişmələrə qarşı istər dövlət qurumları, istərsə də əhali hazırlıqlı olmalıdır”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Evinə dəvət edib içirtdi, sonra da öldürüb cəsədini 8 gün gizlətdi

SONRAKI XƏBƏR

Rusiya hökuməti rublun bahalaşması ilə əlaqədar yeni plan - HAZIRLAYIR