"Hökumət qüvvələri bizi bombaladı" - Pakistanda vuruşan "Abdulqafur"un CİNAYƏT İŞİ

"Hökumət qüvvələri bizi bombaladı" - Pakistanda vuruşan "Abdulqafur"un CİNAYƏT İŞİ<span class="qirmizi"></span>

Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Elxan Novruzbəyovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

Həmin materiallarda Elxan Novruzbəyov özü detalları açıqlayıb.

İttihama görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Novruzbəyov Elxan Əmənulla oğlun ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə gedib. Oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçib. Keçdiyi xarici ölkə ərazisində cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib.

İstintaq müddətində məlum olub ki, Elxan Novruzbəyov Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olub.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə o, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Elxan Novruzbəyov deyib ki, 1999-cu ildən İslam dinin Əhli-Sünnə məzhəbinə uyğun ibadət edib və özünə “Abdulqafur” dini ləqəbi götürüb:

“2001-ci ilin dekabr ayının 30-da Gürcüstanın Pankisi dərəsində olan qanunsuz silahlı dəstələrə qoşulmaq məqsədi ilə həmin ölkəyə getmişəm. Orada hərbi təlimlərdə iştirak etmişəm və 2002-ci ilin sentyabr ayında Azərbaycana qayıtmışam. Azərbaycana gəldikdən sonra qanunsuz silahlı birləşməyə qoşulduğuma görə həbs edildim. 3 ildən sonra 2005-ci il iyunun 25-də əfv fərmanı ilə azadlığa buraxılmışam”.

Elxan Novruzbəyov qeyd edib ki, 2005-ci ildən etibarən onunla eyni məzhəbdə olan şəxslərlə görüşüb:

“2009-cu il martın əvvəllərində tanışım “Əbdül Malik” ləqəbi ilə xitab etdiyimiz Zaur adlı şəxslə və Fuadla birlikdə Sumqayıt şəhərində yerləşən çayxanada görüşürdük. Zaur bizə Pakistan ərazisində islam torpaqları uğrunda din qardaşlarımızın qruplaşmalar şəklində “kafirlər”ə qarşı vuruşduqlarını bildirdi. Bizə Pakistana gedərək orada döyüşlərdə iştirak edib din qardaşlarımıza köməklik göstərməyimizi təklif etdi. Fuad da, mən də onun təklifi ilə razılaşdıq. Zaur bizə yaxın günlərdə Pakistana səfər etmək məqsədilə İrana gedəcəyini, bizi də Tehranda gözləyəcəyini dedi. Martın ortalarında Fuadla birlikdə Bakı şəhər hava limanından təyyarə ilə İrana yollandıq. Ora çatdıqda Zaur bizi aeroportda qarşıladı. Daha sonra Zaurla birlikdə Məşhəd şəhərinə getdik. 3 həftə həmin şəhərdə qaldıqdan sonra Zaurla birlikdə Zahidan şəhərinə yollandıq. Orada bizi fars milliyyətindən olan bələdçi qarşılayaraq yaşadığı evə apardı. Həmin evdə Pakistana getmək istəyən özbək, türkmən və digər milliyyətlərdən olan əlavə 5-6 nəfər də vardı.

Bir neçə gün həmin evdə qaldıqdan sonra gecəyarı pikap tipli avtomobil vasitəsilə Pakistanla sərhəd ərazisinə gəldik. Gecə olduğundan görünməmək üçün avtomobilin bütün işıqlarını söndürdük, yavaş-yavaş hərəkət edərək Pakistana qanunsuz daxil olduq. Təxminən 3 saatlıq yolla Pakistanın Taftan şəhərinə getdik. Ora çatdıqda bizi gətirən bələdçiyə yol haqqı kimi təxminən 150 ABŞ doları pul verdik. Həmin şəxs bizi Taftan şəhərində başqa bir fars milliyyətindən olan bələdçiyə təhvil verdi. O, da bizi Taftan şəhərindən Kvetta şəhərinə gətirdi. Orda bələdçinin evində bir həftə qaldıq”.

Təqsirləndirilən şəxs bildirib ki, bələdçi ilə birlikdə avtobusla Şimali Vəziristan vilayətinin Miranşah şəhərinə yola düşüblər.

“Təxminən 24 saatlıq yol getdikdən sonra Miranşah şəhərinin Maços kəndinə çatdıq. Orada bizi əvvəlcədən tanıdığım “Abu Hamza” və “Abdurrahman” dini ləqəbli şəxslər qarşılayıb. Amma Zauru orda axtarsam da tapa bilmədim. Bir müddət sonra Zaurun döyüşlərdə həlak olması xəbərini eşitdim. Vüsal Qasımovun rəhbərlik etdiyi camaatda qalmayaraq əslən türk millətindən olan şəxslərin camaatına qoşuldum. Vüsal Qasımov orada 30-40 nəfərdən ibarət azərbaycanlı camaata rəhbərlik edirdi. Həmin şəxslərdən Şəki şəhərindən olan “Abdulla” ləqəbli, ləzgi milliyyətindən olan “Abu Tahir” ləqəbli, “Səlahəddin” ləqəbli Yasamal rayonu ərazisində yaşayan Vüqarı və Sumqayıt şəhər sakini Siracı xatırlayıram. Vüsal Qasımov sonradan Azərbaycana qayıtdı və burada həbs edildi”.

Elxan Novruzbəyov deyib ki, orada olan zaman ona əslən puştun milliyyətindən olan şəxs tərəfindən “Kalaşnikov” markalı avtomat, sonradan isə 1 ədəd sandıqça və 30 ədəd 7,62 çaplı patron verilib. Az müddətdə döyüş təlimlərində iştirak edib:

“Bir müddət sonra Azərbaycana geri qayıtmaq qərarına gəldim. Bu məqsədlə Miranşah şəhərində olarkən puştun milliyyətindən olan bələdçiyə 300 ABŞ dolları verərək məni İrana aparmasını xahiş etdim. O, məni Zahidan şəhərinə gətirib çıxardı. O, burada məni özbək millətindən olan başqa bir bələdçiyə təhvil verdi. Bir həftə onun evində qaldım. Bələdçi məni Məşhəd şəhərinə gətirdi. Orada viza işimi həll elədi, 2 həftə İranda qalıb Azərbaycana qayıtdım. İki il burada iş tapmadım. Bu səbəbdən həyat yoldaşım və 4 övladımla birlikdə yenidən Pakistana getmək qərarına gəldim. Viza almaq üçün Pakistan səfirliyinə müraciət etdim və müsbət cavab aldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, viza aldıqdan sonra Bakı-Dubay-İslamabad reysi ilə Pakistanın İslamabad şəhərinə gedib:

“Əvvəlcə bir neçə ay İslamabad və Peşəvər şəhərlərində qaldıq. Həmin şəhərlərdə biznes fəaliyyəti ilə məşğul ola bilmədim. Pulum da bitmişdi. Bu səbəbdən Gürcüstanın Pankisi dərəsindən tanıdığım “Həmzə” ləqəbli şəxsin Miranşah şəhərinin Maços kəndində olduğunu öyrəndim. Sonra ailə üzvlərim ilə birlikdə ora getdim. “Həmzə” azərbaycanlılardan ibarət dəstəyə rəhbərlik edirdi və onlara maliyyə yardımı göstərilirdi. 2012-ci ilin sonlarında məskunlaşdığımız Maços kəndi hökumət qüvvələri tərəfindən bombalanmağa başlandı. Ona görə də ailəmlə ilə birlikdə Pakistanın Kvetta şəhərinə köçdük. Təxminən 3-4 ay orada yaşadıqdan sonra iş tapa bilmədim, Azərbaycana geri qayıtmaq qərarına gəldim. Bundan sonra viza müddətimizin keçməsi ilə əlaqədar yerli idarəyə müraciət etdim. Cərimə ödəməklə sənədlərimizi qaydaya saldıq. Oradan Tehrana gəldim. Bir müddətdə orada məskunlaşdıqdan sonra avtobusla Astara sərhəd nəzarət buraxılış məntəqəsindən Azərbaycana, Astaradan da taksi ilə
Sumqayıta gəldim. Törətdiyim əməldən səmimi peşmanam”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Novruzbəyov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Elxan Novruzbəyov cinayət əməlini Pakistan ərazisində törətdiyi üçün ona həmin dövlətin qanunvericiliyinə uyğun cəza təyin olunub.

Pakistanın antiterror aktında 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddi 6 aydır.

Elxan Novruzbəyov iyulun 6-da azadlığa buraxılacaq.

Mənbə: lent.az