Şəmkir İcra Hakimiyyəti: “Özünü yandırmaq istəyən qazinin psixoloji problemləri var”

Xəbər verildiyi kimi Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.
Məlumata görə Şəmkir rayonu, Yeni həyat kənd sakini, 26 yaşlı Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırıb.

Onun intihara cəhdinin qarşısının alınıb və alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

Bizim.Media İlham Həsənovun intihar cəhdinin səbəblərini araşdırıb.

Şəmkir rayonu Yeni həyat kənd bələdiyyə sədri Kəmalə Qasımova Bizim.Media-ya açıqlamasında intihara cəhd edən İlham Həsənovun II Qarabağ qazisi olduğunu açıqlayıb:


“Dəqiq səbəbini bilmirik. Əslində o gəncə kənd və yerli rəhbərlik tərəfindən hər cür qayğı göstərilib. Gəncdir, yəqin psixologiyası pozulub. Nə deyə bilərəm? İlham Həsənov II Qarabağ savaşında döyüşüb və yaralanıb. Boğazında, yuxu arteriyası yaxınlığında qəlpəsi var. Təhlükəli olduğu üçün əməliyyata gedə bilmirlər. Əslində sağlı durumunda problemləri var. Niyə belə bir addım atması ilə bağlı heç bir fikrim yoxdur. Az sonra ailəsi ilə görüşəcəyəm. Məlumat olarsa, ictimaiyyətə açıqlayarıq”, deyə bələdiyyə sədri bildirib. 

Şəmkir rayon İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, İlham Həsənovun psixoloji problemləri var:

“1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir.

Vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır.

Onun müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, İlham Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova isə özünü yandıran qaziyə yerində tibbi yardım edildiyini bildirib. 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Zidan gizlincə Türkiyə getdi - SƏBƏB

SONRAKI XƏBƏR

Şimali İraqda MİT-dən əməliyyat: PKK Şura üzvü Hanım Demir zərərsizləşdirildi