Bakıda kişi sevgilisinin keçmiş ərini niyə döyərək öldürüb?

Bakıda kişi sevgilisinin keçmiş ərini niyə döyərək öldürüb?<span class="qirmizi"></span>

Bakıda Ramil Atakişiyevi öldürməkdə təqsirləndirilən Əbülfərz Məhərrəmovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Əbülfərz Məhərrəmov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli biləyib.

O ifadəsində göstərib ki, tanışı Gülnaz Qədirova (ad, soyadı şərti) ilə 2020-ci ilin iyun ayında iaşə obyektlərinin birində tanış olub:

“Həmin vaxt qadın həyat yoldaşından rəsmi qaydada boşanıb, uşaqları ilə birlikdə yaşadığını bildirdi. Xasiyyətimiz uyğun gəldiyinə görə Gülnazla yaxın münasibətimiz yarandı, qarşılıqlı sevgi əsasında dini kəbin kəsdirərək ər-arvad kimi yaşamağa başladıq. Gülnazın övladları da məni qəbul etdi. Hətta ən yaxın və doğma adam kimi mənə isinişdi. Mən də uşaqların bütün qayğılarını öz üzərimə götürdüm. Faktiki ata kimi onları himayəmə aldım. Həm Xaçmazda, həm də Bakıda yaşayırdım. Bakıda olarkən təbii ki, ailəm kimi bildiyim Gülnaz və onun övladları ilə birlikdə qalırdım. Biz ər-arvad kimi bütün qayğıları, problemləri birgə həll edirdik. Gülnazın yaxşı münasibətdə olduğu bütün qohum və tanışları da məni onun həyat yoldaşı kimi qəbul edirdi. Gülnazın keçmiş əri Ramilə heç vaxt rastlaşmamışdım. Lakin Gülnaz onun barəsində mənə danışmışdı. Ümumi söhbətlərdən həmin şəxsin narkotik vasitə aludəçisi, cinayətə meylli və davakar bir insan olmasını, əvvəllər dəfələrlə Gülnazı döyüb işgəncə verdiyini, barəsində dəfələrlə polis tərəfindən araşdırma aparıldığını bildirdi.

19 yanvar 2022-ci il tarixdə, saat 21:30 radələrində Gülnazgildə olarkən həyətdən səs-küy, söyüş səsləri eşitdim. Həmin vaxt Gülnazın oğlu və qız, qardaşı qızları da evdə idi. Qadın mənə keçmiş əri Ramilin həyətdə səs-küy saldığını, onu və uşaqları əxlaqsız ifadələrlə söyüb biabır etdiyini, bu səhnəni bütün qonşuların da görüb eşitdiyini söylədi. Evdə Ramilin işlətdiyi əxlaqsız ifadələri şəxsən özüm də eşitdim. Gülnazın oğlu eyvana çıxdı və həyətdə dayanıb baxan Ramil onu görən kimi uşağına “ay peysər, evdəki Qubalı kişini göndər həyətə" deyə çığırdı. Uşaq isə qonşulardan xəcalət çəkərək dərhal qayıdıb evə girdi. Amma Ramil uca səslə ən nalayiq söyüşlər işlətməkdə, artıq birbaşa məni və Gülnazı söyməkdə, aşağılamaqda davam edirdi. Ramilin mənim ünvanıma dediyi çox əxlaqsız ifadələrə, söyüşlərə görə əsəbləşdim və artıq dözə bilmədim, bunu qeyrətimə sığışdırmadım və həyətə düşdüm. Həmin vaxt Ramili əlində taxta parçası ilə dayandığını gördüm. Mən ona yaxınlaşdım, təxminən 1,5 metr məsafədə üzbəüz dayandım. Ramilə ictimai yerdə olduğunu, nalayiq ifadələr işlətməməsini, dövlət orqanları qarşısında cavab verməli olacağını dedim. Ramil mənim dediklərimə məhəl qoymadı, onlara dedikləri azmış kimi, digər söyüşlər də işlətdi. Bu biabırçı vəziyyətə son qoymaq üçün onun üstünə getdim, həmin anda Ramil sağ əlini belinin arxa tərəfinə apardı. Həmin an Ramilin əlini bıçağa, ya da üstündə ola biləcək hansısa silaha atdığını düşündüm. Həm onun özünü qabaqlamaq üçün, həm də mənim və Gülnazın ünvanına söydüyü söyüşlərə dözmədim. Bu vaxt Ramilin üz nahiyəsinə bir dəfə yumruqla vurdum. Zərərçəkmiş şəxs yumruğun təsirindən yerə yıxıldı və dərhal qalxdı. Bundan sonra elə Ramilin özünün əlində olan taxta parçasını alıb onun alın nahiyəsinə bir dəfə zərbə endirdim. Zərbənin təsirindən o, yerə sərilərək uzanıqlı vəziyyətdə qaldı. Əlimdəki taxta parçasını yerə atıb daha evə çıxmadım və həmin ərazidən uzaqlaşdım. Sonra da çıxıb Gəncə şəhərinə getdim. Bundan sonra zərərçəkmiş şəxsi bir daha görmədim.

Gəncədə olarkən Gülnaz mənə zəng edərək Ramilin xəstəxanada olduğunu, araşdırma aparıldığını bildirdi və polisə təslim olmağımı məsləhət gördü. Mən də dərhal razılaşdım və Bakıya qayıdaraq Gülnazla birlikdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gedərək təslim oldum. Orada hadisəni olduğu kimi danışdım və mübahisənin səbəbkarının elə Ramilin özünün olması polislərə də aydın oldu. Baş vermiş hadisəyə görə çox təəssüflənirəm, peşmançılıq keçirirəm. Heç bir halda mərhumun ölməsini istəməzdim.

Ramilin anası ilə barışmağa cəhdlər etmişəm, amma məni qəbul etmir və barışmırlar. Hüquqi varisin bütün ədavəti əslində Gülnazla olduğundan mənimlə barışmaq, bağışlamaq istəmir. Bütün bunları, həmin vəziyyətdə yalnız mərhum Ramilin özünün hərəkətlərinin bu hadisəyə səbəb olmasının nəzərə alınmasını xahiş edirəm”.

Əbülfərz Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Mənbə: pravda.az