Ermənistanda bələdiyyə binasına girən silahlı şəxs intihar edib - Video+Yenilənib

Qumbara və tapança ilə silahlanmış naməlum şəxs Ermənistanın Masis (Uluxanlı) şəhərinin meriyasına daxil olub.

"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Masis şəhərinin vitse-meri Norayr Akopyan məlumat verib.

"Təxminən iki saat əvvəl sərxoş vətəndaş meriyanın binasına daxil olub. Bundan sonra partlayış olub. Xoşbəxtlikdən binada işçilər olmayıb, meriyanın mühafizəçisi də xəsarət almayıb. O, hazırda bizimlədir", - Akopyan bildirib.

İlkin məlumata görə, şəxs tapançadan bir neçə dəfə atəş açıb. Onun hələ də qumbarasının ola biləcəyi güman edilir.

Vitse-mer qeyd edib ki, həmin şəxs heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri aydın deyil. Onun şəxsiyyəti də müəyyən edilməyib. Hazırda partlayış və ya atəş səsləri eşidilmir.

Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub. 

***

Akopyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsi zərərsizləşdirsələr də, onu hələ də bələdiyyə binasından çıxarmayıblar.

***

Masis bələdiyyə binasına daxil olan şəxsin kimliyi müəyyən edilib. O, şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Markaryandır. Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Rəsmilər həmin şəxsin binada başından atəş açaraq intihar etdiyini bildirib.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Google” tarixindəki ən böyük kiberhücumu dəf edib

SONRAKI XƏBƏR

Kanada: Avropaya qaz tədarük edə bilməyəcəyik!