“Araşdırma 112 saylı məktəbdə zorakılığın təkrarlandığını göstərir”

“Araşdırma 112 saylı məktəbdə zorakılığın təkrarlandığını göstərir”<span class="qirmizi"></span>

Günel Səfərova: “Uşaqlara heç bir psixoloji yardım olunmayıb”

Məktəb rəhbərliyi və uşaqlar şiddətin yalnız həmin günə məxsus olduğunu vurğulasalar da, araşdırma zorakılığın təkrarlanmış formada olduğunu göstərir. Hadisəyə mane olmayan digər uşaqlar bunun səbəbini şiddətin qurbanı olmaqdan qorxduqları ilə izah ediblər. Bu isə bir daha şiddətin təkrarlanan hal olduğunu təsdiq edir”.

Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının sədri Günel Səfərova paytaxtın 112 nömrəli məktəbində şagirdin döyülməsi faktı ilə bağlı ilkin araşdırmaların nəticəsi kimi şərh edib.

O bildirib ki, İctimai Şuranın üzvü Məleykə Əlizadə ilə birlikdə 112 saylı məktəbdə olub.

Məktəbdə həmçinin Daxili İşlər Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, Ailə, Qadın və Uşaq məsələləri üzrə dövlət komitəsinin nümayəndəsi iştirak edib:

“Valideyinlərlə, uşaqlarla, məktəb psixoloqu ilə görüşdüb danışdıq. Hadisə 30 sentyabr 2022-ci il tarixində məktəbdə tənəffüs zamanı baş verib. Lakin eyni zamanda, həmin uşaqların aralarında yaranan anlaşılmazlığın hadisə baş verməzdən öncə olması digər mənbələr tərəfindən verilib. Valideyinlərlə görüş zamanı (həm videonu çəkən, həm də zorakılıq qurbanı olan) müəyyən edilib ki, uşaqlara heç bir psixoloji yardım olunmayıb və valideyin olaraq onları kifayət qədər müşahidə altına almayıblar”.

Şura sədri əlavə edib ki, valideyinlərlə bağlı ciddi iş aparılmalı və onların məsuliyyəti məsələsi bir daha gündəmə gəlməlidir: “Məktəb rəhbərliyi və müəllimlərin hadisənin baş verməməsi üçün kifayət qədər preventiv tədbirlərin görmədikləri, məktəbdə bununla bağlı mexanizmin olmadığı müəyyən edilib. Məktəbdə psixoloq fəaliyyət göstərir və tanış olduğumuz sənədlərə əsasən, uşaqlarla məhdud formada olsa da, psixoloji danışıqlar aparılır. Lakin yalnız bu məktəbin timsalında deyil, ümumilikdə psixoloqlar üçün hər hansı bir dərs saatının olmaması, məktəbin özünün psoxoloji xidmətin təşkili ilə bağlı metodlar formalaşdırmaması, psixoloji diaqnostikanın kifayət qədər aparılmaması müşahidə edilib”.

Günel Səfərova qeyd edib ki, Elm və Təhsil Nazirliyinə məktəblə və inzibati məsələlərlə bağlı təklifləri hazırlayıb təqdim olunacaq.

O əlavə edib ki, bütün təkliflər daha sonra ictimailəşdiriləcək.

2022-ci il oktyabrın 4-də sosial şəbəkələrdə Bakıdakı 112 saylı məktəbdə şagirdlərdən birinin digərini döyməsi ilə bağlı görüntülər yayılıb.

Sinif otağında şagirdlərdən biri digərini yerə yıxaraq yumruq və təpiklə zərbələri yetirir, uşaqlardan biri də bunu telefonla çəkir.

Baş Prokurorluqda olayla bağlı araşdırmalar aparılıb.(https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/112-nomreli-mektebde-bulling-muellimi-ele-sindiriblar-ki/)

Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması halı qeydə alınıb.

Faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.

Eyni zamanda, hadisənin baş verdiyi məktəbdə qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib.

Mənbə: minval.info