İnfarkt zamanı xəstə hara aparılmalıdır? - Kardiologiyaya, yoxsa angioqrafiyalı mərkəzə?

Ötən ay gecə saatlarında infarkt olan 56 yaşlı qonşumuzu təcili yardım əksər hallarda olduğu kimi, Kardiologiya İnstitutuna aparmaq istəyirdi. Lakin xəstənin oğlu kişinin həkiminə vəziyyəti xəbər verəndə kardioloq qəti şəkildə ora aparılmasına qarşı çıxdı. O, xəstəni angioqrafik müayinəyə, el dilində desək, “anju”su olan özəl xəstəxanaya aparmaqda israr etdi.

Təcili yardım "bizə xəstəni Kardiologiyaya aparmaq barədə göstəriş var" desə də, ailə həkimin sözünü eşidərək, xəstəni təcili özə klinikaya çatdırdı.

Orada həmin kardioloqun zəng edib çağırdığı kardiocərrah özünü yetirib, xəstəni stent əməliyyatına aldı.

Bəs, nəyə görə, infarkt keçirmiş xəstə təcili damar əməliyyatı və angioqrafiyası olan xəstəxanaya çatdırılmalıdır?

Bakupost.az bu məsələ ilə bağlı apardığı aparşdırmanı təqdim edir:

Sovet dövründə “infarkt olmuş xəstəni tərpətmək, əməliyyat etmək olmaz” fikri çoxdan aktuallığını itirib. Mütəxəsislər hesab edirlər ki, infarkt keçirmiş xəstə 2 saat ərzində angioqrafiyası olan xəstəxanaya çatdırılmalıdır. Çünki 90% hallarda infarkt ürəkdən keçən iri damarların tıxanması və ya tromb səbəbindən baş verir. İnfarktın 2 saatı ərzində ürəyin bir hissəsində nekroz, hüceyrə ölümü yaranırsa, hansı damarın tutulmasından asılı olaraq, sonrakı saatlarda bu sahə daha da genişlənə bilər. Ürək daha çox müddət oksigensiz qaldığı üçün digər orqan və toxumalar da sıradan çıxa bilər.

Təəssüf ki, Bakının ən böyük və təcrübəli mütəxəssislərin çalışdığı Elmi Tədqiqat Kardiologiya İnstututu hələ də angioqrafiya cihazı, ürək MRT-si və qeyri-invaziv müdaxilə üçün əməliyyatxana ilə təchiz edilməyib.

Hazırda dövlət xəstəxanaları içərisində angioqrafiyası olan tibb ocağı Topçubaşov adına Elmi Tədqiqat İnstitutudur. Ancaq paytaxtda kimsə infarkt olanda, onu adətən, Kardiologiya İnstitutuna aparır, orda palata və ya reanimasiyaya yerləşdirirlər. Xəstəyə növbətçi kardioloq və həkimlər baxır, ondan sonra yenidən təcili yardımla xəstə Topçubaşova aparılır, angioqrafiyadan keçirilir, daha sonra əməliyyat təyin olunursa, ya Topçubaşov adına Elmi Tədqiqat İnstitutunda əməliyyat olunur, ya da yenidən Kardiologiya İnstituna qaytarılır. Bu isə infakrtdan sonra xeyli vaxtın itirilməsi deməkdir.

Dünyanın əksər ölkələrində infarkt və insult keçirmiş xəstə təcili KT, MRT, angioqrafiya, invaziv radioloqlar olan klinikaya çatdırılır və erkən damar müdaxiləsi olunur. Qanayan damar tikilir, tutulan damar isə açılır.

İcbari Tibbi Sığortanın əhatə etdiyi özəl klinikaların sayı çox olsa da, nədənsə təcili hallarda mərkəzi dispetçer 20-dən çox özəl klinikaya təcili çağırış qəbul etmir və xəstələrin əksəriyyəti 10 il əvvəl olduğu kimi Kardiologiya İnstutuna daşınır.

Mövzu ilə bağlı Bakuposta.az -a açıqlama verən kardioloq Zaur İslamov bildirib ki, miokard infarkt və ürəklə bağlı kəskin vəziyyətlər zamanı xəstə dərhal qeyd-şərtsiz angioqrafiya və stentləmə xidməti göstərən ən yaxın mərkəzə çatdırılmalıdır.

“Bizdə hələ də çox həkim və pasiyentlər inanır ki, infarktlı xəstəni tərpətmək olmaz. Bu çox yanlış fikirdir. Ürək damarı tutulduqda maksimum tez zamanda onu açmaq lazımdır. İynə, dərman, sistemlə ürək damarı açılmır. İndi angioqrafiya və stentləmə daha əlçatandır. Qiymətlər də əvvəlkindən ucuzdur. Bakıda çox sayda klinikalarda bu imkan var".

Mütəxəssisin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da piylənmə, şəkərli diabet, xolesterin mübadiləsinin pozulması halları artıb: "Bununla bağlı olaraq, damar tıxanıqlığı, ateroskleroz xəstələr də durmadan artır. Bu xəstələr çox olduğu üçün stentləməyə göstərişli insanlar çoxdur. Azərbaycanda insanlar ürək sağlamlığının profilaktikası ilə öncədən məşğul olmur. Ona görə qəfil infartklar və ölümlər artır. Həkimə çatanda artıq ağır vəziyyətdə olurlar. Xəstəliklərin profilaktikası ilə heç kim məşğul olmur. Beynəlxalq protokollara əsasən, infarkt olmuş xəstə ən geci 1 sutka ərzində angioqrafiya və stent olunmalıdır. Xəstə axşam infarkt olubsa, onu səhərə kimi gözlətmək və sonra angioqrafiyaya aparmaq, kardiocərraha çatdırmaq gecdir”.

Aygün Musayeva

BakuPost

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda yaşayış binası yanır

SONRAKI XƏBƏR

Samuxda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb