Uvaldedə kütləvi qətllər zamanı salamat qalanların ailələri 27 milyard dollarlıq iddia qaldırıblar

Uvaldedə kütləvi qətllər zamanı salamat qalanların ailələri 27 milyard dollarlıq iddia qaldırıblar<span class="qirmizi"></span>

Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində gülləbaran zamanı salamat qalmış 25-dən çox adam Texas İctimai Təhlükəsizlik Departamentinin direktoru Stiven Makkrounu məhkəməyə verib. Makkrou insanlara psixoloji zərər vurulduğuna görə 27 milyard dollarlıq kollektiv iddiada adları çəkilən 19 nəfər cavabdeh şəxsdən biridir.

AZƏRTAC xəbər verir ki, bu həftə təqdim edilmiş iddia üzrə cavabdehlər arasında yerli qanunvericilər və hüquq-mühafizə orqanlarının yüksəkvəzifəli əməkdaşları da var. Onların çoxunun adları həmin hadisə zamanı salamat qalanlar və hadisə qurbanlarından birinin anası tərəfindən irəli sürülmüş digər federal iddialarda çəkilir. Bu, 21 nəfərin həyatına son qoymuş faciəli hadisələr zamanı polisin qeyri-adekvat reaksiya verməsində Makkrounun və Texas İctimai Təhlükəsizlik Departamentinin regional direktoru Viktor Eskalonun rolu qeyd edilən ilk iddiadır.

İş üzrə aparıcı vəkil Çarlz Bonner mətbuat konfransında deyib: “İnsanlar əziyyət çəkirlər, onların uşaqları əziyyət çəkir. Onlar nə etmək lazım olduğunu bilmirlər, heç kəs onlara kömək etmir”.

Del-Rioda qaldırılmış federal iddia kütləvi qətldən sonra qaldırılmış ilk kollektiv iddia və zərərin ödənilməsinin konkret məbləği göstərilən ilk iddiadır. Bu, həmin faciə ilə bağlı üçüncü və salamat qalanlar qrupu tərəfindən irəli sürülmüş ikinci federal iddiadır. İddiaçılar Robb ibtidai məktəbinin şagirdləri, müəllimləri və məktəb avtobuslarının sürücüləridir. Vəkillər bildirirlər ki, onlarbu şikayətə daha çox iddiaçı cəlb etmək istəyirlər.

Xatırladaq ki, 2022-ci il mayın 24-də 18 yaşlı Salvodor Rolando Ramos təkbaşına bu təhsil müəssisəsinə daxil olub orada özü üçün barrikada quraraq atəş açıb, sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Ramos məktəbə hücum etməzdən əvvəl özünün 66 yaşlı nənəsini yaralayıb. Texas qubernatoru Qreq Ebbott bildirib ki, hücum nəticəsində 21 nəfər, o cümlədən 19 uşaq və 2 nəfər yaşlı insan həlak olub, daha 17 nəfər yaralanıb.

AZƏRTAC–ın Vaşinqton bürosu

Mənbə: azertag.az