Sumqayıtda evdə tək olan iki azyaşlının yanaraq öldüyü yanğınla bağlı TƏFƏRRÜATLAR – YENİLƏNİB + VİDEO

Sumqayıtda evdə tək olan iki azyaşlının yanaraq öldüyü yanğınla bağlı TƏFƏRRÜATLAR – <span class="qirmizi">YENİLƏNİB + VİDEO</span>

Sumqayıtın Kimyaçılar qəsəbəsində baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, hadisə şahidlərinin Baku TV-yə verdikləri açıqlamaya görə, yanğın zamanı ölən körpələrin valideynləri evdə olmayıblar. Belə ki, ata həmin vaxt işdə, ana isə məişət tullantılarını atmaq üçün çöldə olub və qapını bağlayıb.

Qonşulardan biri hadisəni belə təsvir edib: “Çıxdım ki, hamı yığışıb. Ev yanır. Gəldik, dedilər ki, qapılar bağlıdı, uşaqlar içəridə qalıb. Səbəbini hələ heç kim bilmir. Deyilənə görə elektrikdən olub yanğın”.

Yanan evlərdən birinin sakini Ofelya Hüseynova isə bildirib ki, tüstü çıxdığını görən kimi qonşuları çağırıb, qapını sındırıblar, amma alov bütün evi bürüyübmüş: “Ondan sonra söndürmək mümkün olmadı. Uşaqlar da evdəydi”.

***

Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

Hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az