DSX-nin Akademiyasında yanğının baş verməsinin səbəbi AÇIQLANDI YENİLƏNİB + VİDEO / FOTO

DSX-nin Akademiyasında yanğının baş verməsinin səbəbi AÇIQLANDI  <span class="qirmizi">YENİLƏNİB + VİDEO / FOTO</span>

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir. 

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 kvadratmetrlik hissəsinə ziyan dəyib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

***

Dekabrın 6-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın məhdudlaşdırılıb, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş verən hadisə ilə əlaqədar DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

"Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, FHN-in qüvvələri tərəfindən görülən operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Mənbə: report.az