Ötən ilin oktyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin evinə basqın edildiyi və onun əri Pol Pelosinin hücuma məruz qalması barədə xəbər vermişdik.
Dünya gündəmində həftələrlə müzakirə olunan hadisənin görüntüləri aylar sonra ortaya çıxıb.
San-Fransisko Ali Məhkəməsi Nensi Pelosinin San-Fransiskodakı iqamətgahına girərək onun həyat yoldaşı, 82 yaşlı Pol Pelosiyə çəkiclə hücum edən 42 yaşlı şübhəli David DePapenin görüntülərini yayıb.
Hadisə yerinə gələn polis qruplarının kamerası tərəfindən qeydə alınan görüntülərdən aydın olur ki, polis qapısını döyür, Pol Pelosi və 42 yaşlı şübhəli David DePape qapını açır.
Polis əlində çəkic tutan DePapedən aləti yerə qoymağı tələb edir. Lakin qəfil qəzəblənən DePape çəkiclə Pol Pelosiyə hücum etməyə başlayır. Polislə təcavüzkar arasında baş verən davada DePape zərərsizləşdirilir və əlləri qandallanır.
Qeyd edək ki, DePape noyabrda keçirilən ilk məhkəmə iclasında ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və sərbəst buraxılıb. Dekabr ayında keçirilən məhkəmə prosesində prokurorlar Pol Pelosiyə edilən hücumun görüntülərini və 911 zəng qeydlərini sübut kimi məhkəməyə təqdim ediblər. Fevralın 23-də işə yenidən baxılacağı bildirilir. (müsavat)
Mənbə: moderator.az