ABŞ: "Tennessidə polislər qaradərili vətəndaşı döyüb öldürdülər"

ABŞ: "Tennessidə polislər qaradərili vətəndaşı döyüb öldürdülər"<span class="qirmizi"></span>

Tennessi ştatının Memfis şəhərində polislər Tayr Nikols adlı qaradərili vətəndaşı avtomobilini ehtiyatsızl sürdüyü üçün dayandıraraq ölənə qədər döyüblər.

Hadisə daha əvvəl törədilsə də, videokadrları bu günlərdə ortaya çıxıb.

Yanvarın əvvəlində polis əməkdaşları 29 yaşlı afro-amerikalı Nikolsu "ehtiyatsızl maşın sürdüyü" üçün saxlayıblar. Daha sonra Memfis polis departamentinin rəhbərliyi həmin adamın maşını heç də “ehtiyatsız sürmədiyini” etiraf edib.

Memfis polisi Nikolsun qətlinin müxtəlif kameralardan çəkilmiş dörd videosunu yayımlayıb. Kadrlarda polis əməkdaşlarının Nikolsu yumruq və təpiklə döydüyü, o cümlədən baş və üz nahiyəsindən vurduğu görünür. Səkidə yerdə uzanan Nikols fəryad edərək anasını çağırır. Polis məmuru əli qandallı halda belə onun başına iki dəfə təpik vurur. Videogörüntülərə əsasən, polislərdən heç biri Nikolsa kömək etməyə çalışmır.

Nikols döyüldükdən yarım saat sonra xəstəxanaya aparılıb və üç gün sonra aldığı xəsarətlərdən keçinib. Məhkəmə-tibb ekspertzası, onun "şiddətli döyülmə nəticəsində geniş qanaxma"dan öldüyünü təsdiqləyib.

Nikolsu döyərək öldürən beş polis işdən qovulub. Onlar qəsdən adamöldürmə və digər əlaqəli cinayətlərdə ittiham olunurlar. Videoda daha çox polis var - vəkil qalanlarla bağlı vəsatət qaldırıb.
Nikolsun qətli ilə bağlı videoların yayılmasından sonra minlərlə amerikalı polis vəhşiliyinə etiraz etmək üçün küçələrə axışıb. Növbəti genişmiqyaslı aksiyalar Memfisdə, Vaşinqton və Nyu-York da daxil olmaqla, ABŞ-ın ən azı yeddi böyük şəhərində planlaşdırılıb.

Oğlunun döyülməsi ilə bağlı kadrlara baxmağa gücü çatmayan Nikolsun anası amerikalılardan “sakit və dinc şəkildə” etiraz etmələrini xahiş edib. ABŞ prezidenti Co Bayden açıqladığı bəyanatda Nikols ailəsinin dinc etiraz çağırışlarını dəstəklədiyini bildirib. Bayden mərhumun qohumları ilə də danışıb və "sürətli, tam və şəffaf istintaqa" ümid etdiyini bildirib.

Maraqlıdır ki, Tayr Nikolsu vəhşicəsinə döyüb öldürən 5 polis də qaradərilidir. Yəni burada hər hansı irqi zəmində cinayətdən bəhs edilmir. (müsavat)

Mənbə: moderator.az