Zəlzələnin süni yaradılması iddiasına türkiyəli deputatdan cavab: "Belə məsələlərlə maraqlanmırıq"

Zəlzələnin süni yaradılması iddiasına türkiyəli deputatdan cavab: "Belə məsələlərlə maraqlanmırıq"<span class="qirmizi"></span>

“Bütün Türkiyə ayaq üstündədir. Hamı ayıq-sayıqdır. Dövlət və millət əl-ələ verib, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə məşğuldur”.

Ölkə.az xəbər verir ki, bunu Modern.az-a türkiyəli deputat Metin Gündoğdu zəlzələ bölgəsindəki son vəziyyət barədə danışarkən deyib.

Deputat bildirib ki, hazırda zəlzələ baş verən ərazilərdə xilasetmə işləri aparılır: “Hadisə yerlərində axtarış-xilasetmə qüvvələri çalışır. Xarici ölkələrdən də xilasetmə qrupları gəlir. Hazırda dağıntılar altında qalan insanların xilas edilməsi qarşımızda duran əsas vəzifədir”.

Türkiyədə böyük fəlakətə səbəb olan zəlzələnin xarici dövlətlər tərəfindən süni şəkildə yaradılması barədə iddialara gəlincə, deputat hazırda bu haqda düşünmədiklərini söyləyib:

“İndi bunu düşünməyin vaxtı deyil. Belə məsələlərlə maraqlanmırıq. Zəlzələ nəticəsində yaranan problemləri aradan qaldırmaqla məşğuluq. Çöküntü altındakı vətəndaşlarımızı xilas etməliyik. İndi bizim işimiz insanları xilas etməkdir. Bu məsələləri müzakirə etməyin vaxtı deyil”.

Türkiyəli deputat zəlzələdən zərər çəkən vətəndaşların köməksiz olmadığını, dövlətin onların yanında olduğunu əlavə edib:

“Xalq pessimist deyil. Dövlət xalqın yanındadır, əlindən gələni edir. İnsanlarımız da dövlətimizə güvənirlər. Bu çətin günləri də birlikdə geridə qoyacağıq. Qardaş Azərbaycanda Türkiyəyə göstərdiyi dəstəyə və yardıma görə təşəkkür edirik”.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə, yaralananların sayı isə 11 min 119 nəfərə çatıb.

Mənbə: olke.az