Malatyanın simvolu olan tarixi məscid də dağıldı - VİDEO - FOTO

Malatyanın simvolu olan tarixi məscid də dağıldı - <span class="qirmizi">VİDEO - FOTO</span>

Ötən gün səhər saatlarında Türkiyədə baş vermiş 7.7 bal gücündəki zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində minlərlə bina dağılıb, evlərə ciddi ziyan dəyib. Böyük dağıntılardan biri də Malatyada olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Malatyanın simvolu hesab olunan tarixi Yeni Məscid zəlzələyə tab gətirə bilməyib.

Belə ki, qeydə alınmış ilk güclü zəlzələdə tarixi məscid zədələnib, günorta saatlarında episentri Elbistan mahalında olan 7.6 ballıq zəlzələdə isə tamamilə dağılıb. Təxminən 30 saniyə davam edən yeraltı təkanlar zamanı 123 illik məscidə ciddi ziyan dəyib.

Qeyd edək ki, məscid daha əvvəl də baş vermiş zəlzələlərdə ziyan görüb. Belə ki, 1843-cü ildə Hacı Yusif tərəfindən inşa olunan və onun adını daşıyan məscid, 1893-cü il martın 3-ü baş vermiş zəlzələdə dağılıb. Ondan geriyə sadəcə minarələr qalıb. Daha sonra, 1912-ci ildə Yeni Məscid adı ilə inşa olunub. 1964-cü ildə baş verən daha bir zəlzələ məscidin divarlarında çatlaqlar yaradıb. 2020-ci ilin yanvarın 24-ü Elazığın Sivrice rayonunda qeydə alınmış 6,8 bal gücündə zəlzələdə məscidə ciddi ziyan dəyib.

 

Mənbə: news.milli.az