Arvadını 25 bıçaq zərbəsi ilə öldürən şəxs: “Onun mənə xəyanət etdiyi kişinin heç bir təqsiri yoxdur”

Arvadını 25 bıçaq zərbəsi ilə öldürən şəxs: “Onun mənə xəyanət etdiyi kişinin heç bir təqsiri yoxdur”

 

Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilib.

O, ifadəsində göstərib ki, ağıllı adamdır və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir:

“Həmçinin, özümə hörmət edən bir şəxsəm. İnsanın dörd uşağa sahib olduqdan sonra belə bir cinayət əməlini törətməsi təsadüfi deyil. Bu cinayət əməlini törətmək üçün əlimdə əsaslar vardı. Hadisə real olan məsələlərlə qarşılaşmağım nəticəsində baş verib. Cinayəti spirtli içki və ya narkotik vasitələrdən istifadə edərək törətməmişəm. Əksinə, mərhum həyat yoldaşım Tacirə Salmanova mənə xəyanət etdiyinə görə onu öldürdüm.

İttiham edildiyim cinayət əməlini Bakı şəhərində törətmişəm. Həyat yoldaşımın xəyanət etməsinin şahidi olmuşam. Xəyanətdə Tacirəni təqsirli bilirəm. Hesab edirəm ki, həyat yoldaşımın mənə xəyanət etdiyi şəxsin (başqa kişinin) heç bir təqsiri yoxdur. Mən həmin şəxsi də öldürə bilərdim, lakin bütün günah Tacirədə olduğu üçün yalnız onu qətlə yetirdim. Eyni zamanda, Tacirənin mənə xəyanət etdiyi şəxsi tanımıram. Həmin şəxsi o vaxt öldürərdim ki, o, mənim həyat yoldaşıma söz atmış olardı, yaxud da arvadıma qarşı səbəbsiz yerə hər hansı bir hərəkət etmiş olardı. Amma bu hadisədə həmin kişinin günahı yoxdur.

Bu cinayəti xuliqanlıq niyyəti ilə törətməmişəm. Çünki həyatımın geri qalan hissəsini həbsxanada keçirmək istəməmişəm. Həyat yoldaşımın mənə xəyanət etdiyini öz gözlərimlə gördükdən sonra onu bıçaqla qətlə yetirdim. Bıçaq zərbələrini Tacirənin kürəyi, boynu və bədəninin digər nahiyələrinə vurdum. Heç kəs törətdiyim cinayət hadisəsinin şahidi olmayıb. Lakin ittiham aktında göstərilir ki, guya Tacirəni uşaqlarımın gözləri qarşısında öldürmüşəm. Bu, doğru deyil. Ona ümumilikdə 20-dən çox bıçaq zərbəsi vurmuşam. Hər bir insanın səbrinin həddi var. Həyat yoldaşımın mənə xəyanət etməsi səbrimi daşırdı. Bu səbəbdən də onu qətlə yetirdim. Ona görə də törətdiyim əməldən peşman deyiləm”.

Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adamöldürmə) maddələrindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunaraq, ona yüngül cəza təyin edilməsini xahiş edib.

İttiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etdiyinə, əxlaqsız həyat tərzi sürdüyünə, habelə narkotik vasitələrdən istifadə etdiyinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib.

Təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanov rayonunda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 25 bıçaq zərbəsi vurub.

T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: oxu.az