Üçdən çox uşağı olanlara müavinət veriləcək? - Açıqlama

Üçdən çox uşağı olanlara müavinət veriləcək? - Açıqlama

Xəbər verdiyimiz kimi, millət vəkili Vüqar Bayramov 3-dən çox uşağı olan ailələrə müavinət verilməsini təklif edib.

Millət vəkili bildirib ki, belə ailələrə müavinət verilsə və pensiya yaşında güzəşt edilsə, bu, xeyli insanın yaşayışına müsbət təsir göstərər:

“Hazırda 110 min ailədə 4 və daha çox uşaq var. Bu isə o deməkdir ki, çoxuşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması, uyğun qərarın verilməsi məqsədəuyğun olardı".

Millət vəkilinin təklifini şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a bildirib ki, “Sosial Müavinətlər haqqında” qanunda 5-dən çox uşağı olan qadınlara müavinət nəzərdə tutulub.

 

O hesab edir ki, 3-dən çox uşağı olan ailələrə müavinət verilməsi maraqlı təklifdir. Amma bunun arxasında böyük həcmdə maliyyə vəsaiti durur. Ona görə də təklifin qəbul olunacağı real görünmür. Çünki bu zaman müavinət alanların sırası 100 min nəfərdən çox artacaq ki, bu da milyonlarla vəsait deməkdir. Qərar qəbul edənlər buna razı olacaqmı? Layihə verilən zaman Maliyyə, İqtisadiyyat Nazirliyinin razılığı olmalıdır:

“Hesab edirəm ki, ən azından “Sosial Müavinətlər haqqında” qanunun 4.0.1.0.13 bəndində." 5-dən çox uşağı olan qadınlar" sözünün əvəzinə "valideynlər" yazılsa, daha ədalətli olar. Çünki doğurdan da elə ailələr var ki, orada xanım rəhmətə gedib, kişi övladlarını tək böyüdür və bu müavinət ona verilmir. Konstitusiya Məhkəməsinin bununla bağlı Milli Məclisə tövsiyəsi də var . Fikrimcə, əvvəlcə bu məsələni həll etmək lazımdır”.

Sevinc

Mənbə: www.bakupost.az