Belarusda “belarusların soyqırımının inkarı”na görə ilk həbs olub

Belarusda “belarusların soyqırımının inkarı”na görə ilk həbs olub

Belarus İstintaq Komitəsi ilk dəfə olaraq “belarusların soyqırımının inkarı” maddəsi ilə cinayət işi açıb.

“Report” xəbər verir ki, bu barədə BELTA qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 54 yaşlı Minsk sakini barəsində iş açılıb. İstintaq materiallarına görə, o, 2020-ci ildə sosial şəbəkədə yaratdığı qrupda “etiraz tematikalı materiallar”, habelə “respublikanı gözdən salan və faşistlərə bəraət verən məlumatlar” yerləşdirib.

İddiaya görə, təqsirləndirilən şəxs bildirib ki, “almanlar Belarus əhalisi ilə yaxşı rəftar ediblər, vəhşilik edənlər isə əsasən partizanlar olub”. Bundan əlavə, Daxili İşlər Nazirliyinin iddiasına görə, saxlanılmış vətəndaş Xatın kəndinin İkinci dünya müharibəsi zamanı partizanlar tərəfindən yandırıldığını söyləyib.

Qeyd edək ki, maddə 2022-ci ilin əvvəlində Belarus Cinayət Məcəlləsinə əlavə edilib. “Belarus xalqının soyqırımı” faktının inkarı beş ilədək, yenidən törədilərsə, on ilədək həbslə cəzalandırılır. Qanunda “Belarus xalqının soyqırımı” dedikdə nasistlərin və onların əlaltılarının, habelə antisovet “millətçi birləşmələrin” 1941-ci il iyunun 22-dən 1951-ci il dekabrın 31-dək olan müddətdə Belarus Sovet Sosialist Respublikası (BSSR) ərazisində törətdikləri cinayətlər nəzərdə tutulur.

Eyni zamanda, ekspertlərə görə, qanunun mətni və onun Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən şərhi, əslində, Belarus ərazisində holokost faktlarını inkar edir. Lukaşenko bəyan edib ki, yəhudilər “öz holokostlarını sübut edə biliblər” və “bu gün bütün dünya onların qarşısında baş əyir, hətta barmaqla göstərməkdən belə qorxurlar”. Həm İsraildə, həm də Qərb yəhudi nəşrlərində bu bəyanat tənqidlərə səbəb olub, Lukaşenko antisemitizmdə ittiham olunub.

Mənbə: report.az