Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə“Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qeyd edilib ki, F.Mustafanın aldığı xəsarətlərdən həyatı üçün təhlükə yoxdur.
***
TƏBİB-dən "Qafqazinfo"ya bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
***
Fazil Mustafanın qardaşı oğlu Toğrul “Qafqazinfo”ya bildirib ki, deputat hazırda 1 saylı Şəhər Klinik Xəstəxanadadır.
“Hazırda əməliyyat olunur.Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hazırda bilinmir”, - deyə o bildirib.
***
Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
“Qafqazinfo” “Musavat.com”a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.
F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.
Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınıni evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.
***
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
Mənbə: qafqazinfo.az