"İstifadəyə yararsız butulkalar yanğına səbəb olur" - FHN -dən yanğınlarla bağlı AÇIQLAMA

"İstifadəyə yararsız butulkalar yanğına səbəb olur" - FHN -dən yanğınlarla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son günlərin ən aktual hadisələrindən biri də məhz yanğınların olmasıdır. Avqustun 22-də Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında , avqustun 23- də Qəbələ rayonunda kolluqda baş verən yanğın, ondan əvvəlki tarixlərdə isə digər rayonlarımızda meşə sahələrində və son olaraq Şəkidə kolluq sahədə olan yanğın hadisəsini buna misal göstrəmək olar. Hər gün demək olar ki, bu mövzu öz aktuallığını saxlamış olur. Yaşayış evlərində, sosial obyektlərdə, meşə və çöllüklərdə yanğınlar olur. Bəs silsilə xarakter daşıyan bu hadisələrin baş verməsini nə ilə əlaqələndirmək olar?

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev Sonxeber.az-a açıqlama verib: “ Hər bir hadisəyə hüquqi qiymət verilməlidir. Ümumiyyətlə deyə bilərəm ki, bəzi vətəndaşlar, müəsissə rəhbərləri və orada çalışanlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Bu qaydalara çox səhlənkar yanaşılır. Təhqiqatların da yekunu onu göstərir ki, təhlükəsizlik qaydalarına etinasız yanaşma yanğın hadisələrinə səbəb olur”.

Bundan əlavə Elnur Babayev istilər olduqda belə, bizim meşələrimizdə Rusiya torpaqlarında olan torf olmadığına görə öz-özünə alışmanın olmamasını da vurğuladı: “ İnsanlar meşə sahələrinə, istirahət mərkəzlərinə üz tutur, qidalanmaq və digər məqsədlər üçün ocaq qalayırlar. Daha sonra həmin ocağı nəzarətsiz qoyurlar. Təbii ki, bu da yanğınların baş verməsinə gətirib çıxarır. Hətta bir siqaret kötüyünün söndürülməmiş yerə atılması yanğınlara səbəb olur. Baş verən hadisədə bilavasitə insan durmasa da, əfsuslar olsun ki, çox vaxtı bu amil daha öndədir”.

Elnur Babayev açıqlamasında yanğının baş verməsini adi bir şüşə butulka ilə yaranacağı ehtimalına da toxundu: “ İnsanlar butulkanı istifadə etdikdən sonra yerə atırlar. Yerə atılmış butulkaların günəş şüalarının təsiri ilə - tokslaşması nəticəsində yanğın hadisəsi də baş verə bilər. Adi lupanın altına kağızı qoyub günəş şüası ilə təmas yaratsaq bir necə saniyə sonra kağızın yanmasına şahid olarıq. Yenə də gəldik insan amilinə. O butulkanı ora atan kim olmuşdu? Əlbəttə ki, insan...”

Həmçinin, Elnur Babayev qeyd etdi ki, yanğın hadisələri də mövsümə görə dəyişir: “Yağışlar yağan vaxtı yol kənarına atılmış hansısa siqaret təhlükə törətmir. Yay mövsümündə isə səbəblər dəyişir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası baş verəcək yanğın hadisələrinin söndürülməsi, onun nəticələrinin aradan qaldırılmasına hazırdır. Yanğın nəzarəti olaraq bizim devizimiz Ulu öndərin dediyi sözdür: "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır."

Mənbə: big.az