“Tərtər işi”nə bənzər daha bir cinayət işi: dövlətə xəyanət ittihamıyla 5 il 5 ay həbsdə saxlandıqdan sonra buraxıldı...

“Tərtər işi”nə bənzər daha bir cinayət işi: dövlətə xəyanət ittihamıyla 5 il 5 ay həbsdə saxlandıqdan sonra buraxıldı...<span class="qirmizi"></span>

Masallı rayonunun Xallıcallı kənd sakini Sədayıl Şükürov Tərtər hadisələrindən 7-8 ay sonra – 2018-ci ilin yanvarında həbs olunmuşdu. Ona verilən ittihamlar da Tərtər hadisələrində həbs olunanlara qarşı irəli sürülən ittihamlarla oxşar idi.

Sədayıl Şükürov hərbi xidmətdə olduğu dövrdə ermənilərə casusluq etməkdə, manqa komandiri kimi, tabeliyində olan əsgəri düşmənlərin yanına aparıb, orada ona qarşı nalayiq hərəkətlərə yol verilməsinə şərait yaratmaqda və başqa əməllərdə ittiham olunurdu. Bu ittihamlarla da ona 11 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlamışdı. Lakin Ali Məhkəmə qərarı təsdiqləməmiş, apellyasiya məhkəməsinin qərarını ləğv edərək, işi təkrar araşdırma üçün aşağı instansiya məhkəməsinə qaytarmışdı.

Bizimyol.info xəbər verir ki, təxminən bir il ərzində Gəncə Apellyasiya Məhkəməsində Sədayıl Şükürovun işinə yenidən baxılıb. Bir daha məhkəmə istintaqı keçirilib, zərərçəkmiş və şahid qismində tanınan şəxslər dindirilib və başqa sübutlar araşdırılıb. Və nəhayət, Şamil Rzaquliyevin sədrlik etdiyi hakimlər heyəti dövlətə xəyanət və başqa maddələrlə ittiham olunan Sədayıl Şükürovun azadlığa buraxılmasına qərar verib. O, 5 il 5 aylıq həbsdən sonra mayın 31-də Gəncə Apellyasiya Məhkəməsində zaldan azadlığa çıxıb.

Məsələ burasındadır ki, Sədayıl Şükürov hərbi xidmətdə 2007-2008-ci illərdə olmuşdu və ona qarşı irəli sürülən ittiham da o dövrə aid idi. Ona dövlətə xəyanətlə yanaşı, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma kimi ittihamlar da verilmişdi.

Yəni o, hərbi xidmət zamanı cinayət törətməkdə ittiham olunsa da, faktiki hərbi xidmətdən qayıdandan 10 il sonra həbs olunmuşdu.

Sədayıl Şükürov həbsdə olduğu 5 il 5 aylıq müddətin 4 ilini Qobustandakı qapalı həbsxanada saxlanılıb. Çünki onun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmdə cəzanın 4 ilinin həbsxana rejimində çəkilməsi göstərilmişdi.

Onun qardaşı Cəbrayıl Şükürov Bizimyol.info-ya bildirib ki, Sədayıl Şükürova qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamı tamamilə qanunsuz və əsassız idi. Onun sözlərinə görə, ortada heç bir mötəbər sübut-dəlil yox idi: “Boş yerə, nahaqdan cavan canını orada çürütdülər, iki uşağı atasız qaldı...”

1988-ci il təvəllüdlü Sədayıl Şükürov iki azyaşlı uşaq atasıdır. Onun hüquqlarını vəkil Babək Həmidov müdafiə edir.

2017-ci ilin mayında Tərtərdə ermənilərə casusluq, tabeliklərindəki əsgərləri qarşı tərəfə aparıb, onların zorlanmasına şərait yaratma və başqa ittihamlarla yüzlərlə hərbçi saxlanılıb, işgəncələrə məruz qalıb. İşgəncələr nəticəsində onlardan bir neçəsi dünyasını dəyişib. Onlarla hərbçi dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub. Onlara 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.

2021-ci ilin dekabrında “Tərtər işi” ilə bağlı istintaqda icraat təzələnib. Nəticədə həbsdə olanlardan bir qisminin işinə yenidən baxılıb. Dövlətə xəyanət ittihamıyla uzunmüddətli cəzaya məhkum edilmiş 19 nəfər haqqında hökm ləğv olunub, onlara 5 il 6 aydan sonra – 2022-ci ilin dekabrında bəraət verilib.

Həmçinin işgəncə nəticəsində ölmüş bir neçə hərbçiyə də bəraət verilib. Onlar haqqında dövlətə xəyanət və başqa ittihamlarla cinayət işi başlansa da, öldüklərinə görə bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilmişdi. Lakin təkrar araşdırmalardan sonra onların təqsirsiz olduğu üzə çıxıb. Onların arasında mərhum MAXE Elçin Quliyev və digərləri var.

Aytən, Bizimyol.info

Mənbə: www.bizimyol.info