Mövsümü olmasa da, burada kütləvi balıq ovlanır - Video

Mövsümü olmasa da, burada kütləvi balıq ovlanır - Video

Hazırda Şəmkir su anbarında balıq ovu mövsümünün başa çatmasına baxmayaraq, anbarın ərazisində qanunsuz torların olması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər Şəmkir su anbarının Şəmkir rayonu Bayramlı kəndi istiqamətində qeydə alınıb.

Sözügedən kadrlarda torların kütləvi şəkildə anbara quraşdırıldığı bildirilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sorğumuza cavab olaraq bildirib ki, həmin ərazidə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə müntəzəm reydlər keçirilir:
“Aprel ayının 1-dən başlayaraq ötən dövr ərzində Şəmkir su anbarında ümumi uzunluğu 1250 metr olan 12 ədəd sintetik tor yığışdırılıb, həmçinin 3 nəfər qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Görüntülərlə bağlı isə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət qrup sözügedən əraziyə yollanıb. Araşdırma aparılacaq və araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qurupundan saytımıza bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları xidməti əraziyə daxil olan su hövzələrində qanunsuz balıq ovuna qarşı mütəmadi tədbirlər həyata keçirir. Sözügedən məsələ artıq nəzarətə götürülüb, polis əməkdaşları həmin əraziyə cəlb olunublar. Ərazi sintetik torlardan təmizlənib. Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, balıqçılıq haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hər il aprel ayının 1-dən başlayaraq mərhələli şəkildə müvafiq su hövzələrindən balıq və digər su bioresurslarının ovuna qadağalar nəzərdə tutulub. Balıqların kürüləmə dövrü ilə əlaqədar isə may ayının 1-dən etibarən balıq ovuna tətbiq edilən ümumi moratorium qüvvəyə minir və sentyabr ayının 1-də başa çatır.

Mənbə: qafqazinfo.az