Bakıda keçiriləcək COP29-un yüksək səviyyədə təşkili üçün başda Prezident İlham Əliyev olmaqla, onun Sərəncamı ilə yaradılmış Təşkilat komitəsi bütün mümkün olan resursları cəlb etməklə səyləri birləşdirir və gərgin iş rejimində çalışırlar.
Bunu Avropa Azərbaycan Məktəbində keçirilən "3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə" konfransında COP29-un Təşkilat komitəsinin üzvü Gülşən Axundova bildirib.
Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi həm ölkə, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir:
“COP29 ölkədə keçiriləcək ən böyük beynəlxalq tədbirlərdən biri olacaq. Bu tədbir dünyanın diqqətini Azərbaycana cəlb edəcək və onun davamlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirəcək. Bu, ölkə üçün iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirmək və yaşıl texnologiyalara investisiya cəlb etmək üçün bir fürsət olacaq”.
Təşkilat komitəsinin üzvü, həmçinin COP29-un yaşıl iqtisadiyyatın inkişafının stimullaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
"COP29 Azərbaycanda yaşıl texnologiyaların və investisiyaların inkişafı üçün katalizator olacaq. Yeni biznes imkanları və iş yerləri yaradacaq. COP29 iqlim dəyişikliyi problemləri haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına kömək edəcək və insanların ətraf mühitin mühafizəsi fəaliyyətlərində iştirakını təşviq edəcək" – deyə o qeyd edib
Mənbə: apa.az