Küçənin həm sağına, həm soluna çəkilən velosiped zolağı sual yaratdı - AÇIQLAMA + FOTO

Küçənin həm sağına, həm soluna çəkilən velosiped zolağı sual yaratdı - AÇIQLAMA + FOTO

Bakının mərkəzində yolun həm sağ, həm də sol hissəsinə velosiped zolağının çəkilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, söhbət Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsindən gedir.

Qeyd olunur ki, onsuz da, hərəkətin intensiv olduğu və daim sıxlıq müşahidə edilən yolun hər iki tərəfində velosiped zolağının çəkilməsi sürücülərin işini çətinləşdirəcək.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən ərazidə yolun sağ hissəsində də velosiped zolağının çəkilməsi metronun “Sahil” stansiyası ilə əlaqələndirmənin təmin olunmasına xidmət edir.

Məlumatda vurğulanır ki, həmin zolaq əvvəlcədən mövcud olan və əsasən, qanunsuz parklanma üçün istifadə edilən cibin hesabına təşkil edilib.

Fotoları təqdim edirik:

 

Mənbə: oxu.az