Ayı Xınalığa hücum etdi

Ayı Xınalığa hücum etdi

Qubanın Xınalıq kəndində ayı bir baş inəyi parçalayıb. Bu barədə heyvanı tələf olmuş sakin təsərrüfat sahibinin qardaşı oğlu Səxavət Sultanov İstiPress-in Şimal bürosuna məlumat verib.

Onun sözlərinə görə, hadisə Tufandağın ətəyində - yaylaqda baş verib. Qəfil sürüyə basqın edən ayı iribuynuzlu heyvana hücum edərək məhv edib.

Bu ayı hücumu ilə bağlı ilk hal deyil. Bir müddət öncə də vəhşi heyvan eyni şəxsin sürüsündən 15 baş qoyunu parçalayıb.

Ayı hücumu nəticəsində sahibkara xeyli ziyan dəyib. Hadisə ilə bağlı rayonun aidiyyatı qurumları məlumatlandırılıb.

Xatırladaq ki, bir həftə öncə Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat daxil olmuşdu. Bu məlumat əsasında İşçi Qrup yaradılıb.

Mənbə: istipress.com